İyulun 3-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov  və  rayonun hüquq mühafizə orqanlarının rəhbərləri xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçiriblər. 

Unikal.org-a İH-nin mətbuat xidmətindən verilən məlumata görə, onlar qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində və digər xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparıblar.

Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Qeyd edək ki, Kürdəmir rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən ticarət ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində və digər xidmət sahələrində monitorinqlər aparmaq üçün 4 nəfərdən ibarət İcra Hakimiyyəti  başçısı Aparatının və hüquq mühafizə orqanlarının əməkdaşlarından, bələdiyyə üzvlərindən, YAP fəallarından və ictimaiyyətin nümayəndələrindən ibarət 33 mobil qrup yaradılıb. Onlar mütamadi olaraq rayon ərazisində reydlər keçirir, maarifləndirici söhbətlər aparır, dünyanı narahat edən pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah edirlər.