“Öz istədiyimiz şirkətlərə imkan yaratmışdıq. Mənim göstərişimlə Səlim Əlizadə məşğul idi, mən Tender Komissiyasının sədri idim. Prosedurlarda qanunsuzluqlara yol vermişik”.

Unikal.org-un xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə deyib.

F.Molla-zadə bildirib ki, onlar köçürülən məbləğlərdən nağd pul alıblar.

“Pulları Səlimə təqdim etmişdilər, o da mənə gətirmişdi. 10 faizini özümə saxlayırdım, 10 faizini Səlimə verirdim. Yerdə qalanını nazirliyin problemlərinin həlli üçün xərcləyirdik”, - deyə F.Molla-zadə əlavə edib.

XİN rəsmisi qeyd edib ki, müxtəlif məbləğlərdə - 19 min manatdan tutmuş, 59 min manata qədər pullar alıblar. O, peşman olduğunu da dilə gətirib:

“Heyfsilənirəm ki, belə bir addım atmışam və özümü çox pis hiss edirəm. Başa düşürəm ki, düzgün hərəkət etməmişəm”.