“Bakıda modul tipli yeni xəstəxananın istifadəyə verilməsi koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində atılan növbəti vacib addımdır”. 

Bunu Milli Məclisin deputatı Ülvi Quliyev Unikal.org-a açıqlamasında bildirib.  

Millət vəkilinin sözlərinə əsasən, dünyada koronavirus infeksiyası qeydə alındığı ilk vaxtlardan Azərbaycanda pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün lazımı addımlar atılıb. 

Deputat xatırladıb ki, xarici ölkələrdə COVID-19-la bağlı yaranan əsas problemlərdən biri də xəstəxana çatışmazlığıdır: “Buna da təbii yanaşmaq lazımdır. Çünki bütün ölkələrin xəstəxanaları adi rejimdə xəstə qəbul etməyə hesablanır. Pandemiya dövründə isə birdən-birə çoxlu sayda insan xəstələnir və onların hamısını xəstəxanaya yerləşdirmək mümkün olmur. Dünyanın müxtəlif ölkələri belə problemlərlə üzləşdi, hətta bəzi yerlərdə acınacaqlı vəziyyət hökm sürürdü. Şükürlər olsun ki, Azərbaycanda belə hallar yaşanmadı. Düzdür, son günlər xəstələnənlərin sayının 500-dən çox olması, virusa yoluxanların sayının sağalanları üstələməsi bəzi çətinliklər yaradıb. Çünki xəstəxanalarımız bu qədər xəstəni qəbul etməyə hazır deyildi. Bakıda modul tipli yeni xəstəxananın açılması COVID-19 virusuna yoluxan bütün pasiyentlərin xəstəxanaya yerləşdirilməsinə imkan verəcək”. 

Ü.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev aprel ayında ölkədə 10 modul tipli xəstəxananın tikintisi haqqında sərəncam imzalayıb və bunun üçün dövlət büdcəsindən vəsait ayırıb: “Artıq bu xəstəxanalardan altısı istifadəyə verilib. Onlardan üçü Bakıda, digər üçü isə Sumqayıt, Gəncə və Abşeronda fəaliyyətdədir. Yeni modul tipli xəstəxana digərləri ilə müqayisədə daha böyükdür və 800 çarpayılıqdır. Eyni zamanda orada müasir avadanlıqlar quraşdırılıb, laboratoriya fəaliyyət göstərir. Digər xəstəxanaların da tikintisi davam etdirilir. Modul tipli xəstəxanaların qısa müddətdə tikilib istifadəyə verilməsi mühüm addımdır və dövlətimizin ən çətin vəziyyətlərin öhdəsindən gəlməyə hazır olduğunu göstərir”. 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev iyunun 6-da modul tipli yeni xəstəxananın açılışından sonra jurnalistlərə müsahibəsində vacib məlumat da açıqlayıb: “Cənab Prezident dedi ki, əlavə 10 modul tipli xəstəxananın sifariş verilməsi barədə müvafiq qurumlara göstəriş verib. Dövlətimizin başçısı onu da bildirdi ki, bu il istifadəyə verilən “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır, qısa müddət ərzində orada çarpayıların sayı 700-750-yə çatdırılacaq. Bu isə dövlət xəstəxanalarında, modul tipli xəstəxanalarda və “Yeni klinika”da 5 mindən çox xəstənin yerləşdirilməsinə imkan verəcək. Hesab edirəm ki, COVID-19-la mübarizədə ən vacib məsələ xəstəxanalarda çarpayı yerinin virusa yoluxanların sayına uyğunlaşdırılmasıdır. Görülən işlər dövlətimizin bunun öhdəsindən gələ biləcəyini deməyə əsas verir”. 

Dürrə Həsənova