“Koronavirus pandemiyasının elan olunmasından bir neçə ay vaxt keçməsinə baxmayaraq, bu gün təəssüflər olsun ki, bu xəstəliyə yoluxma və ölüm göstəriciləri artmaqda davam edir. Dünyada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq vəziyyəti sabitləşdirmək hələ ki, mümkün olmayıb”. 

Bu brədə Unikal.org-a açıqlamasında millət vəkili Əhliman Əmiraslanov bildirib: “Ölkəmizə gəldikdə, dünyada pandemiyanın elan olunduğu ilk günlərdən möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə və onun nəzarəti altında genişmiqyaslı, kompleks tədbirlər həyata keçirilməyə başlanıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ciddi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən həyata keçirilir.  Prezident İlham Əliyevin 6 iyul 2020-ci ildə Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Xəzər Televiziyasına verdiyi müsahibədə də qeyd etdiyi kimi,  bu infeksiyaya yoluxan şəxslərin müalicəsi məqsədilə  ölkəmizdə 45 xəstəxana ayrılıb və xəstələrin müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib”. 

Deputat bildirib ki, qeyd edilən xəstəxanalar Bakıda və regionlarda fəaliyyət göstərir, onlar ən müasir avadanıqlarla təmin ediliblər: “Bir məsələni də qeyd edim ki, bir çox ölkələrdə koronavirusla bağlı həm diaqnostika, həm də müalicə heç də dövlətin hesabına həyata keçirilmir. Azərbaycanda isə hər bir xəstə stasionar şəraitdə dövlət hesabına müalicə alır. Dövlətimiz, Prezidentimiz hər şey edir ki, koronavirusa qarşı uğurla mübarizə aparaq. Amma son vaxtlar bəzi rəqəmlər bizi narahat edir. Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır və vəziyyət tam nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə əhalisi koronavirusa yoluxmaqdan sığortalanmış deyil”.  

Ə.Əmiraslanov vurğulayıb ki, pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdı: “Hər bir vətəndaş tibbi maskadan istifadə etməli, gigiyenik qaydalara riayət etməli, sosial məsafə saxlamalıdır. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq.

Mən əminəm ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı kompleks tədbirlər öz nəticəsini verəcək, yaxın vaxtlarda pandemiya ilə mübarizədə daha yüksək nəticələr əldə edəcəyik”.