Gənclər və Idman Nazirliyinin təşkilatçılığı ilə “11 iyul – Dünya Əhali Günü”nə həsr olunmuş “Dayanıqlı inkişaf və gənclər: yeni imkanlar və çağırışlar” adlı beynəlxalq onlayn-konfrans keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibli Səmayə Məmmədovanın Unikal.org-a verdiyi məlumata görə, çıxışçılar tərəfindən bildirildi ki, 2020-ci il üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri İndeksində Azərbaycan 166 ölkə arasında 54-cü yeri tutaraq Cənubi Qafqaz regionunda lider olaraq bir çox MDB ölkələrini geridə qoyub.

Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya üçün ümumi 17 məqsəd, 169 hədəf və 244 göstəricidən Azərbaycan üçün 17 məqsəd, 88 hədəf, 119 göstərici seçilib.

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) 2030-cu ilə qədər müəyyən edildiyinə görə, onların reallaşdırılması istiqamətində əldə edilmiş nəticələrdən və nailiyyətlərdən məhz bu günün gəncləri faydalanacaq. Buna görə də, gənclərin DİM-lər barədə məlumatlandırılması, onlara DİM-lərin reallaşmasına necə yardım edə biləcəklərinin izah edilməsi, bununla əlaqədar hansı rolu oynaya biləcəklərini, eləcə də ideyalarının və səslərinin beynəlxalq miqyasda necə eşidilə biləcəyi barədə məlumatlandırılmaları çox vacibdir.

Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyul 2014-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni platformaların yaradılması haqqında Layihə Sənədi təsdiq edilib. Layihənin əsas fəaliyyət istiqamətləri – Azərbaycanda BMT Modelinin institutlaşdırılması və Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun təşkili olunması olub. Layihənin üç il ərzində uğurlu icrasını nəzərə alıraq Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramı layihənin davam etdirilməsi barədə razılığa gəliblər . Hazırda layihənin əsas istiqamətlərindən biri – Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği, DİM-lər üzrə Gənc Səfirlərin seçilməsi və DİM-lər üzrə Könüllü Milli Hesabatların hazırlanmasında gənclərin iştirakıdır. Məhz bu məqsədlə seçilmiş 17 gənc səfirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərini Azərbaycanda təbliğ etmək, DİM-lərə nail olmaqda gənclərin iştirakını təşviq etmək, bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarına tam könüllü formada dəstək göstərmək, yerli, milli və beynəlxalq səviyyədə atılan addımlar barədə cəmiyyətin məlumatlandırılmasına, milli hesabatların hazırlanmasına töhfə vermək və ölkədə DİM-lərlə əlaqəli həyata keçirilən təşəbbüslərdə fəal iştirak etməkdir. Qeyd edək ki, 17 səfir 2018-ci ildə gerçəkləşdirilmiş Dayanıqlı İnkişafa dair Bakı Forumunda təqdim edilib.

Konfransın gedişi zamanı məlumat verildı ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə ötən ilin may-iyun aylarında respublikanın 10 şəhər və rayonunda "Dayanıqlı inkişaf məqsədləri və insan hüquqları" mövzusunda təlim kursları keçirilib. Təlim prosesində iştirakçılara 3 istiqamət - Sosial, İqtisadi, Ekoloji hüquqlar və DİM-lər haqqında ətraflı məlumat verilib, yeni biliklər öyrədilib. Bununla yanaşı qeyd edildi ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında 13 dekabr 2018-ci il tarixində imzalanmış Əməkdaşlıq Memorandumu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasında “Davamlı İnkişaf üzrə Gənclərin Tədqiqat və Təlim Mərkəzi” yaradılıb.

Əlavə olaraq bildirildi ki, 2018-ci ilin oktyabr ayında gerçəkləşdirilən və 5000 çox gənci əhatə edən Azərbaycan Gənclərinin VIII Forumunun əsas mövzularının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi olub.

Məlumat üçün bildirək ki, konfransda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, BMT-nin Əhali Fondunun Azərbaycandakı ofisinin rəhbəri Fərid Babayev, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini (BMTİP-nin Rezident Nümayəndəsinin səlahiyyətlərini müvəqqəti icra edən) Çaru Bist, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov, Millət vəkilləri Məzahir Əfəndiyev, Müşfiq Cəfərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər Təşkilatları Milli Şuranın sədri Məryəm Məcidova, DİM-lər üzrə Gənc səfirlər: Zərifə Zülfüqarova, Samir Qədirov, Məhbubə Musayeva, Asiya Gəncləri Sülh Şəbəkəsinin rəhbəri, Asiya Gənclər Şurasının BMT nümayəndəsi Regine Guevara, Rusiya Federasiyasının DİM-8 üzrə gənc səfiri Veronika Yakovleva, “Belarus Dayanıqlı İnkişaf üçün” Gənclik Təşkilatının rəhbəri, Qırğızıstandan DİM üzrə gənc səfir Iryna Ponedelnik və digərləri çıxış ediblər.