İyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı  xəsarətlərdən 11 iyul 2020-ci il tarixdə Göyçay rayon mərkəzi xəstəxansında ölməsi barədə  məlumat daxil olmuşdur.

Bu barədə Unikal.org-a Ucar rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.