“Ermənilərin arxasında dayanan qüvvələr bu koronavirus dönəmində müəyyən iqtisadi, siyasi və başqa çətinlikləri əsas gətirərək Azərbaycanda problem yaratmaq istəyirlər”.

Bu fikriləri Unikal.org-a açıqlamasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa səsləndirib. O bildirib ki, ermənilərin Tovuz rayonuna hücumu bilavasitə bununla bağlıdır: “Bu, Ermənistanın daxili siyasəti və ya başqa məsələlər deyil. Ermənilərin arxasındakı qüvvə Azərbaycanı aktiv müharibə mövqeyinə çəkərək, daxildə də problemlər yaratmaq istəyirlər. Bildiyiniz kimi, cəbhədə gərginlik başlayanda Bakıda da müəyyən təxribatçı hərəkətlər oldu. Ona görə təxribatçı hərəkət deyirəm ki, Qarabağ üçün yanğısı olan insanlar heç vaxt taxtaları yola töküb yolu bağlamırlar və “Qarabağ bizimdir, bizim olacaq” çığırmırlar. Əksinə, belə hallarda dövlətə kömək eləmək, dəstək olmaq lazımdır. Bu hadisələrin eyni anda baş verməsi ssenarinin çox düşündürücü olduğunu ortaya qoyur. Dövlətin başı həm ermənilərin hücumunu dəf etməyə qarışır, həm də daxildə gecə saatlarında polisin başı müəyyən prosesin qarşısının alınmasına qarışır. Bu ikisi diqqətçəkən məqamlardır. Təbii ki, vətəndaşların Qarabağ yanğısını, vətənpərvərlik duyğusunu başa düşmək olar. Amma bu mərhələdə dövlətə dəstək vermək, şəhidlərin dəfnində iştirak etmək, birlik mesajları vermək lazımdır”.

Millət vəkili deyib ki, Azərbaycanın sağlam düşüncəli insanları bu prosesdə çox ayıq olmalıdırlar: “Görünür, ehtiraslı dalğanı dəstəkləyən insanlar əslində bunun nə olduğunu anlamayıblar. Biz ermənilərin başını əzəcəyik, amma daxildə müəyyən proseslərin körüklənməsi daha təhlükəlidir. Ona görə də diqqətli olmalıyıq. Bu, təkcə Ermənistanın deyil, onun arxasında duran qüvvələrin işidir. Eyni zamanda, Azərbaycana cənubdan və şimaldan gələn təhlükə məsələsidir. Bakıda yürüş keçirərək yolu bağlamaq və təxribat hərəkətlərinə yol vermək də bununla bağlı məsələdir. Ona görə də sağlam düşüncəli insanlar bu məsələdə emosional davranmamalıdırlar, dövlətin yanında olmalı, dövləti qorumaq üçün səfərbər olmalıdırlar”.

Murad İbrahimli