TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının  və Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Ermənistanın sərhəd bölgəsindəki son təxribatı ilə bağlı Komissiya üzvləri -  Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Bekmırza Yelamanova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı Aliya Saparovaya, Qırğızıstan Respublikası Joqorku Keneşinin deputatı Abilkayir Uzakbaevəvə, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri Recep Şeker (Komissiyanın sədr müavini) və Ömer Fethi Gürerə məktublar ünvanlayıb. 

Unikal.org-un xəbərinə əsasən, məktublarda bildirilir ki, təcavüzkar Ermənistan silahlı qüvvələri 12, 13 və 14 iyul 2020-ci il tarixlərində atəşkəs rejimini kobud surətdə pozmuş, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriya atəşinə tutaraq hücuma keçmişlər. Bundan əlavə, Ermənistan tərəfinin məqsədyönlü şəkildə və sistemli olaraq mülki əhalini hədəfə aldığı bildirilmişdir. 
Məktubda qeyd olunmuşdur ki, bu cür hərbi xarakterli məsuliyyətsiz hərəkətlər yolu ilə Ermənistan üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və Azərbaycana qarşı işğal və təcavüzə görə məsuliyyətdən yayınmağa çalışır. 

Həmçinin qeyd olunmuşdur ki, Ermənistanın hərəkətləri üzv olduğu beynəlxalq təşkilatların hüquqi sənədlərinə təmamilə ziddir. Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquq öhdəliklərini kobud surətdə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə 20% torpaqlarımızı işğal etmiş və BMT-nin Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq işğalı davam etdirir. 

Komissiya sədri xüsusilə vurğulamışdır ki, Azərbaycan hər zaman bu problemi sülh yolu ilə həll etməyə hazırdır və həmişə buna təşəbbüs göstərir. Amma Ermənistan tərəfindən ağır artilleriyadan istifadə edilərək sərhəddə törədilən növbəti təxribat təcavüzkar Ermənistanın Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla, danışıqlar vasitəsi ilə həllində maraqlı olmadığını bir daha sübut etdi. Bütün dünya ölkələrinin çətin bir şəraitdə COVID-19 pandemiyasına qarşı mübarizə apardıqları bir zamanda Ermənistanın bu təxribatı törətməsi gücdən istifadə və təcavüz aktının bariz sübutu kimi qeyd olunmuşdur.

Sonda TÜRKPA-nın Komissiya Sədri Əhliman Əmiraslanov bütün Komissiya üzvlərini Ermənistanın təcəvüzkar hərəkətlərini, Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və sərhəd bölgəsində törətdiyi sonuncu təxribatı qınamağa çağırmışdır.