Radikal düşərgədə cəmləşmiş antimilli ünsürlər, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrinin də kütlənin içinə daxil olaraq insanları qanunsuz əməllərə sövq etməyə çalışmaları aşkardır. 

Bu barədə Azərbaycan Ordusuna dəstək aksiyası zamanı bir qrup insanın Milli Məclisin inzibati binasına daxil olaraq dağıntılar törətməsi barədə  Unikal.org-a açıqlama verən YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib:

“Onlar 1992-1993-cü illərdə hakimiyyətdə olarkən yol verdikləri xəyanətkarlıq və satqınlığı indi də düşmən dəyirmanına su tökməklə davam etdirirlər. AXC-Müsavat cütlüyünün antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir. Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, dövlətin milli maraqlarını qurban vermişdilər. Bu gün isə həm adını “müxalifət” qoyaraq ölkə daxilində təxribatçı fəaliyyətlə məşğul olan radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər. Onlar bilavasitə ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə dövlətin deyil, düşmənin yanında olduqlarını nümayiş etdirirlər. Dövlət başçısının qətiyyətlə ifadə etdiyi kimi: “Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır”.

Bir sözlə, “beşinci kolon” bir daha Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirməklə əsl simasını, kimlərə xidmət etdiyini  ortaya qoydu. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər””.

Nigar Orucova