YAP Qubadlı rayon Təşkilatının sədri Allahverdi Haxverdiyev rəhbərlik etdiyi qurumun üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Unikal.org müraciətin mətnini təqdim edir:

“Hörmətli cənab Prezident!”

Siz hər zaman Ordu quruculuğuna böyük diqqət və qayğı göstərmisiniz. Son illər Ordu quruculuğu sahəsində apardığınız islahatlar bu diqqət və qayğının bariz nümunəsidir. Nəzərə alsaq ki, ölkəmiz müharibə şəraitində yaşayır, belə olan halda ordu ilə bağlı bütün məsələlər ən başlıca vəzifədir. Sizin Ordu quruculuğu ilə bağlı apardığınız uğurlu siyasət nəticəsində bu gün ölkəmizdə hərbi xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Azərbaycan ordusu artıq bu gün dünyanın ən güclü ordularından biri sayılır. Son illər ərzində Azərbaycan hərbi potensialını, eləcə də döyüş qabiliyyətini xeyli artırıb. Həm 2016-cı ilin, həm də 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bildik. Bütün bu hadisələr şəxsi heyətin döyüş əhval-ruhiyyəsinini, gələcəyə inamını daha da artırdı.                                 

Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı, erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatına qətiyyətli cavab verilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan tərəfi heç bir zaman torpaqların işğalı və hansısa xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.     Cənab Prezident, biz Qubadlı rayonundan olan məcburi köçkünlər hər zaman inanırıq ki, sizin sayənizdə Azərbaycan dövləti, Azərbaycan xalqı, yenilməz ordumuzun gücü ilə işğalçı Ermənistanın zəbt etdiyi torpaqları mütləq azad edəcəkdir!                                 

Cənab Ali Baş Komandan, sizin qeyd etdiyiniz kimi gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz həmin günü böyük səbrsizliklə gözləyirik. Biz Azərbaycan vətəndaşları əmin ola bilərsiniz ki, hər zaman Sizin yanınızdayıq və Sizin bir əmriniz ilə canımızı Vətən uğrunda qurban verməyə daim hazırıq!”