Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

Unikal.org xəbər verir ki, sona bir tur qalmış çempion müəyyənləşib.

"Kayserispor" üzərində qələbə qazanan "Başakşəhər" ən yaxın izləyicisi üçün əlçatmaz olub. Bununla 2016/17 və 2018/19 mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb. "Başakşəhər" eyni zamanda "Qalatasaray" (22 dəfə), "Fənərbaxça" (19), "Beşiktaş" (15), "Trabzonspor" (6) və "Bursaspor"dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub.

"Konyaspor"a uduzan "Trabzonspor" gümüş medal şansını da təhlükəyə atıb. "Sivasspor"la "Beşiktaş" isə öz meydanında qələbə qazanıb. Xüsusən də, "Beşiktaş" İstanbul derbisində "Fənərbaxça"nı məğlub edib. İlk "4-lük"dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək.

Öz meydanında "Alanyaspor"a məğlub olan "Ankaragücü" isə Super Liqanı tərk edən ilk klub olub.