"Barselona"nın kapitanı Lionel Messi yeni rekordlara imza atıb.

Unikal.org xəbər verir ki, argentinalı forvard komandasının 5:0 hesabı ilə qalib gəldiyi "Alaves"lə qarşılaşmada 2 qol, 1 məhsuldar ötürmə ilə buna nail olub.

Messi ilk qolun ötürməsini verərək, cari mövsüm assist sayını 21-ə çatdırıb. Bununla sabiq komanda yoldaşı Xavi Ernandesə məxsus (2008/09) 20 məhsuldar ötürmə rekordunu yeniləyib və La Liqa tarixinə düşüb.

Matçda dubl etməklə qol sayını da 25-ə yüksəldən Leo digər keçmiş komanda yoldaşı Tyerri Anrinin rekordunu qırıb. Fransalı "Arsenal"da olarkən 2002/03 mövsümündə 24 qol, 20 assistə imza atmışdı. Argentinalı isə mövsümü 25 qol, 21 assistlə tamamlayıb. Bununla Messi XXI əsrin ən unikal göstəricisini yeniləyib.

Argentinalı superulduz eyni zamanda ardıcıl 11-ci mövsüm çempionatı minimum 25 qolla tamamlayıb ((2009/10 - 34 qol, 2010/11 - 31, 2011/12 - 50, 2012/13 - 46, 2013/14 - 28, 2014/15 - 43, 2015/16 - 26, 2016/17 - 27, 2017/18 - 34, 2018/19 - 36, 2019/20 - 25). O, cari mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 30 qol, 26 assitlə yadda qalıb.

Əvəzində "Barselona" son illərin ən uğursuz nəticəsini göstərib. Mövsümü 82 xalla 2-ci pillədə bitirən kataloniyalılar son 12 ildə ən az xal toplayıblar.