Azərbaycanlı Ruzi Vəliyev və atası Zahid Vəliyev özlərini Uşu idman növündə dünya çempionu və peşəkar mütəxəssis kimi təqdim edir.

Hətta iki il öncə  onlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkə millisində çıxış etmək üçün mətbuat vasitəsi ilə müraciət etmişdilər.

Z.Vəliyev Türkiyə mətbuatına verdiyi müsahibədə oğlu Ruzi Vəliyevi Uşu idman növündə  dəfələrlə beynəlxalq turnirlərin qalibi, eləcə də ikiqat dünya çempionu kimi təqdim etmişdi. R.Vəliyev də atasının məşqçiliyi altında Türkiyə üçün yeni qələbələr qazanmağı hədəfə aldıqlarını bildirib.

Azərbaycanda tanınmayan dünya çempionu kimdir?

Azərbaycan Uşu Federasiyasına bu idman növündəki dünya çempionları ilə bağlı məlumat üçün müraciət etdik.

Federasiyanın mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə,  Uşu idmanında Azərbaycanın 3 dünya çempionu var: "Sorğunuza cavab olaraq bildiririk ki, bu günə kimi Uşu üzrə Azərbaycanın Dünya çempionları aşağıdakı idmançılardır: Canpolad Budaqov (sanda) , Azər Həsənsoy (ənənəvi uşu), Tomris Həsənova (ənənəvi uşu)".

Maraqlıdır ki,  Azərbaycanın Uşu üzrə dünya çempionları siyahısında Ruzi Əliyevin adı yoxdur. 

Hətta Z.Vəliyev Türkiyədə Uşu üzrə milli komandanın yeniyetmə və gənclər komandasına məşqçi keçəcəyini desə də, Unikal.org-un əldə etdiyi məlumata görə, bu hal baş verməyib.

Məlumatda o da bildirilir ki, R.Vəliyev hazırda Türkiyədə təhsil alır və bu ölkənin millisinə qəbul edilməyib.

Xatırladaq ki, Azərbaycanda Uşu idman növü 1989-cu ildə bölmə olaraq yaradılıb. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən 1 ay sonra federasiya kimi qeydiyyatdan keçib.

Aygün İlqarqızı