Avropa İttifaqı ölkələri Brüsseldə keçirilən sammitdə danışıqların beşinci günü 2021-2027-ci illər üzrə büdcəni və iqtisadiyyatın pandemiyadan sonra bərpa olunması fonduna ayrılacaq məbləği razılaşdıra biliblər. 

Unikal.org xəbər verir ki, bu barədə Avroşuranın rəhbəri Şarl Mişel özünün “Twitter” hesabında məlumat verib.

“Razılıq əldə olundu!” – Mişel hesabında yazıb.

Belçikanın Baş naziri Sofi Vilmes bildirib ki, Aİ-nin yeddi illik büdcə planının final kompromis variantı 1,074 trln avro, Aİ-nin iqtisadiyyatının bərpasının büdcədənkənar fondu isə 750 mlrd avro səviyyəsində qalır. 

Şarl Mişel, həmçinin qeyd edib ki, Aİ-nin çoxillik büdcəsi tarixdə ilk dəfə olaraq iqlim məsələlərinə bağlıdır.

Xatırladaq ki, artıq bir neçə gün idi ki, Aİ-nin lider ölkələrinin nümayəndələri yeddi illik büdcə planını hazırlamaqda razılığa gələ bilmirlər.