“Milli Şura ətrafında birləşən Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Arif Məmmədov, Cəmil Həsənli, Əli Kərimli kimi adamlar müxtəlif vaxtlarda növbəti dəfə təsdiq etdilər ki, onlar birbaşa erməni diasporuna, Ermənistana xidmət edirlər”. 

Bu sözləri Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 

Deputat bildirib ki, həmin şəxslər ermənilər tərəfindən edilən hücumların günahını məhz azərbaycanlıların üzərinə yıxmağa çalışırlar:

“Bildiyimiz kimi, Ermənistanın Tovuz istiqamətində iyulun 12-də növbəti təxribatından sonra iyulun 14-dən 15-nə keçən gecə ölkə vətəndaşları Ali Baş komandana, eyni zamanda Azərbaycan əsgərlərinə həmrəylik nümayiş etdirmək məqsədi ilə “Qarabağa azadlıq” şüarı altında böyük mitinqlər keçirdi. Bu yürüşlər dünyanın bir çox ölkələrində də təşkil edildi və bununla da dünya azərbaycanlıları öz həmrəyliklərini nümayiş etdirmiş oldular. Lakin çox təəssüf ki, sapı özümüzdən olan baltalar - Milli Şura ətrafında birləşən Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Arif Məmmədov, Cəmil Həsənli, Əli Kərimli kimi adamlar müxtəlif vaxtlarda  növbəti dəfə təsdiq etdilər ki, onlar birbaşa erməni diasporuna, Ermənistana xidmət edirlər və birbaşa Azərbaycan əleyhinə çıxışlar edirlər. 

Onlar internet kanalları vasitəsi ilə müraciətləri zamanı təxribatların məhz azərbaycanlılar tərəfindən edildiyini deyirlər. Bu təxribatları törədənlərin ermənilər olduğu açıq şəkildə bilinir. Xaricdə yaşayan azərbaycanlıları tək-tək tutub döyməkləri, onların ailələrinə hücumların edilməsi, eləcə də səfirliklərin önündə vətəndaşlarımızın daş-qalaq olunması birbaşa Ermənistan tərəfindən həyata keçirilib. Burada biz eyni zamanda köynəklərinin üzərində  ASALA terror təşkilatının adı həkk olunmuş erməniləri gördük. Amma Sevinc Osmanqızı, Arif Məmmədov,  Vidadi İsgəndərli, Cəmil Həsənli və Əli Kərimli kimi şəxslər bu hücumların günahını məhz azərbaycanlıların üzərinə yıxmağa çalışırlar. Çünki, onlar bir mərkəzdən -  Ermənistan mərkəzindən idarə olunurlar. Bu cür çıxışlarla, onlar ermənilərə xidmət etdiklərini göstərməklə, növbəti dəfə özlərini ifşa etdilər. 

Ermənistan tərəfindən təxribat başlananda bir sıra siyasi partiyalar, o cümlədən AXCP sədri də qeyd etmişdi ki, guya o, bütün siyasi məsələləri kənara qoyublar və bütün güclərini Tovuz istiqamətindəki döyüşlərə səfərbər ediblər, amma nəticədə bütün bəyanatların yalan olduğuna yenidən şahid olduq. Havadarları və onları idarə edən adamlar Erməni diasporları və lobbiləridir. Əli Kərimli növbəti bəyanatında bildirdi ki, guya müəyyən şərtlər və "ona edilən təzyiqlər" altında payız qurultayında istefa verəcək - bu da növbəti bir yalandır. Birincisi, Əli Kərimlinin qeyd etdiyi kimi ölkədə siyasi məhbus yoxdur. İyulun 14-dən 15-nə keçən gecə iğtişaş törətmiş AXCP üzvləri hüquq-mühafizə orqanları tərəfindən həbs olunublar. Onlar dövlət çevrilişinə cəhd edən insanlardır. Həmin adamların çevrilişi niyyəti yox idisə, Milli Məclisin içərisində nə işləri var idi? Əli Kərimli ifşa olunduqlarını artıq özü də görür. O, belə bəyanatlarla kimlərisə aldadacığını zənn edir. Çünki Milli Şura adı altında toplanan həmin kəslər artıq Azərbaycan xalqını hiddətləndirir  və xalq onlara nifrət dolu sözlər yağdırır”.

Dürrə Həsənova