Bu gün biz hibrid müharibəsi ilə üz üzəyik. Bu, müxtəlif müstəvilərdə davam edir. Onlardan biri də  COVID-19 infeksiyasına qarşı apardığımız müharibədir. Bir məsələnin fərqində olmalıyıq ki, bu gün büdcə müzakirələrini zəruri edən və şərtləndirən də məhz pandemiyanın yaratdığı iqtisadi, sosial və maliyyə  gerçəklikləridir. Ona görə də, düşünürəm ki, bu məsələləri nəzərə almadan biz nə büdcəyə təklif edilən yeni dəyişikləri düzgün qiymətləndirə, nə də öz fikirlərimizi səsləndirərkən daha obyektiv ola bilmərik”.

Unikal.org xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, bu gün karantin rejiminin yumşaldılmasını istəyənlər, sabah karantin rejimi yumşaldılanda hökuməti bu qərarın verilməsinə görə ittiham edəcəklər:

“Çünki virusun yayılması yenə artacaq. Eləcə də, bu gün iqtisadi fəallığın məhdudlaşdırılmasının əleyhinə olan vətəndaşlarımız sabah bu məhdudiyyətlər götürüləndə yenə də tənqidi mövqedən çıxış edəcəklər. Əsas məsələlələrdən biri  odur ki, pandemiya şəraitində kiçik və orta sahibkarlara dövlət tərəfindən dəstək göstərilir. Bu dəstəyi korrupsiya mənbəyi kimi təqdim edənlər, sabah bu yardım dayandırılanda yenə hökuməti sahibkarlara sahib çıxmamaqda ittiham edəcək"

Millət vəkili qeyd edib ki, pandemiyaya qarşı mübarizədə dünya təcrübəsi, o cümlədən Azərbaycan təcrübəsi var. Onun sözlərinə görə, biz artıq müəyyən yol keçmişik:

“May ayında yumşalmalara getdik. Amma bundan sonra  150-180 civarında olan yoluxma sayı 700-ə yaxınlaşdı. Ona görə də, mən düşünürəm ki, müqayisəli təhlil aparıb obyektiv gerçəkliyi qiymətləndirmək lazımdır. Əks təqdirdə, bu cür mövqelər spekulyativ mövqelər kimi qəbul oluna bilər. Bəzən biz eşidirik ki, koronavirusla yaşamağı öyrənməliyik. Amma nəzərə almalıyıq ki, bu birgəyaşayış şərtlərini diqtə edən tərəf biz deyilik. Doğurdan da, birgəyaşayış kontekstində iqtisadi fəallığı artırmaq istəyiriksə, nümunə gətirilən ölkələrdəki sosial davranışları da nümunə göstərməliyik. Skandinaviya ölkələrində, şimali Avropanın bəzi ölkələrində doğurdan da birgəyaşayış qaydaları əks tərəfin, yəni virusun diqtə etdiyi formada təmin olunub. Bunun üç forması var: Tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara riayət olunması. Amma biz özümüz bu qaydalara nə dərəcədə riayət edə bilirik? Birgəyaşayışa hazırıqmı? Həyat tərzimizi dəyişə bilirikmi?  Əvvəlcə bu məsələləri təhlil edib sonra fikirlərimizi söyləsək yaxşı olar. Necə olur ki, ÜST baş direktoru deyəndə ki, virusa qarşı peyvəndin tapılıb tapılmayacağını bilmirəm, bu heç kimdə qorxu yaratmır. Amma Azərbaycanda bu cür fikirləri səsləndirəndə xəyali personaj kimi insanlara qorxu gəlir?  Bu, xəyalı personaj məhsulu deyil. COVID-19 real bir pandemiyadır və insanların həyatına son qoyur”.

2020-ci ilin dövlət  büdcəsinə nəzərdə tutulan  dəyişiklərin yerində olduğunu soyləyən deputat deyib ki, hökumətin, Operativ Qərargahın aldığı qərarlar doğrudur.