Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Unikal.org-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tovuz rayon Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. 

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.