Xəbər verdiyimiz kimi Xalq artisti Rasim Balayev Türkiyə səfərindən sonra 14 günlük karantinə alınıb. Bu gün həm də böyük sənətkarın doğum günüdür.

Unikal.org-a açıqlama verən Rasim Balayev bir həftə ərzində 2 dəfə koronavirusla bağlı testinin nəticəsi neqativ olsa da karantinə alındığını deyib. Doğum günü geniş şəkildə keçirə bilməyən aktyor peşə sarıdan son illərinin hədər getdiyinə də təəssüfləndiyini bildirib.

“Elə insan var ki, ümumiyyətlə testdən keçməyib, amma mən bir həftə ərzində 2 dəfə testdən keçdim. Təyyarəyə tibbi arayış olmadan minmək olmur deyə gedərkən testdən keçdim və nəticə neqativ oldu. Türkiyədə nəticələrimə baxandan sonra rahat hərəkət edə bilirsən, amma burda qayda var ki 14 gün cəmiyyətə çıxmamalısan, mən də çıxmayıb evdə otururam. Rahatlıq odur ki, bizdə həyət evidir, ara bir hava almaq üçün həyətə çıxıram. Gözləyək də 2 günüm qalıb, bazar ertəsi də bel ağrılarımla əlaqədar fizioterapevt qəbulunda olmalıyam. Doğum günümə gəlincə 60 illiyim, 70 illiyim geniş şəkildə keçirilib, bu il ailə üzvlərimizlə birgə keçiəcəyik. Bir çox dostlarım dünyasını dəyişib amma bir yerdə olduğum dostlarım vardı, şərait olsaydı toplaşardıq, bu il olmadı. Doğrusu təntəni çox da sevmirəm əsas can sağlığıdır, bir də arzu edərdim ki yaşlı vaxtımda yaxşı bir rol olsun və onu oynayım. Çox illər, xüsusən də son 5-10 ilim boşa getdi, yaxşı obrazlar yaratmaq olardı. 20 roldan 5-ni xalqa sevdirmək olardı. Sağlıq olsun”. 

Dürrə Həsənova