Gəncədə bir tarixi bina var
Gəncədə bir tarixi bina var

Söhbət əfsanəvi "Zinger" tikiş maşınının əks olunduğu tarixi binadan gedir

Gəncənin Cavad Xan küçəsində XIX əsrə aid olan bir tarixi binanın fəsadında dünya şöhrətli alman markası olan "Zinger" tikiş maşınının selueti əks olunub.

Tarixçi-etnoqraf Səyyaf Paşayev deyir ki, Gəncənin Cavad Xan küçəsindəki iki əsrə bərabər yaşı olan və fasadında məşhur "Zinger" tikiş maşınının forması əks etdirilən bina almanlar tərəfindən inşa olunub: "1804 -cü ildə Gəncəni Çar Rusiyası işğal etdikdən sonra bura artıq quberniya mərkəzi olur və şəhərsalma mədəniyyəti yenilənir. Memarlıq abidələri dağıdılır və yeniləri salınır. Bu küçə vaxtilə Gəncənin adı ilə bağlı (o vaxt Gəncə Yelizavetpol adlanırdı - G.R) Yelizavetpol küçəsi adlanıb. Küçə indi də Cavad Xanın adını daşıyır və Cümə məscidinin yanından başlayaraq Gəncə çayının sahilində bitir. Bu küçədə mağazalar, banklar, senomatoqrafiyalar yerləşib və sakinlərin sevimli gəzinti yeri olub. O zaman dünyada məşhur olan, "Zinger" əl və ayaqla işləyən tikiş maşınları hər yerdə yayılmışdı və onun formalarına oxşar belə bir binanın inşası maraqla qarşılanırdı".
Səyyaf Paşayev deyir ki, o vaxt Gəncədə də Qafqaza sürgün edilmiş xeyli alman yaşayırdı: "Almanların həm bizdə üzümçülük, şərabçılıq mədəniyyətimizin inkişafında, həm də alma bağlarının salınmasında rolları olub. Onların vasitəsilə Avropa ilə bizim ticarətimiz yaranıb".
Səyyaf Paşayev qeyd edir ki, bina Qərb üslubunda tikilsə də sırf yerli materiallardan istifadə olunub. Tarixçi Gəncənin qırmızı kərpici ilə tikilmiş binalarnın özəlliyindən danışaraq deyir ki, bu kərpiclər günün müxtəlif saatlarında müxtəlif rəngə çalır: "Bu binanı da o zaman Almanlar yaşayış evi kimi tikmişdi. O zaman alt hissəsində maqazinlər olub, üst hissəsində insanlar yaşayıb. Almanlar öz "Zinger" firmaları ilə duyduqları böyük qüruru məhz bu binanın fəsadında əks etdiriblər. Binanın üzündə tikiş maşınının seluetinin şəkli fasadda hörülərək əks olunmüşdur. Bina 19-cu əsrin sonlarında tikilmiş yerli əhəmiyyətli abidə kimi, dövlət tərəfindən qorunur. "Zinger" tikiş maşını bir vaxtlar indiki "Mercedes" qədər dünyaya yayılmış bir marka idi".
Səyyaf Paşayev deyir ki, bu binanın Almaniya-Azərbaycan mədəniyyətinin mübadiləsində də böyük rolu var.
"Zinger" tikiş maşını XVIII əsrin əvvəlində Isaac Singer və Elias Hove Jr. Ixtiraçıları ərsəyə gətirib. Maşının özəlliyi həm də zəncir tikişi edə bilməsi olub.
Gülnur Raqıfqızı