Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) İdmançılar Məsləhətçi Komissiyasının sədr və sədr müavini seçilib.

Səsvermə nəticəsində ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev İdmançılar Məsləhətçi Komissiyasının sədri, sərbəst güləş üzrə 3 dəfə dünya çempionu Hacı Əliyev sədr müavini seçilib.

İ.Zəkiyev yeni vəzifəsi və işi ilə bağlı Unikal.org-a danışıb: "Bu, AMADA-nın təşəbbüsü idi. İdmançılar arasından sədr və müavin seçilməli idi. Biz dopinqsiz, qadağan olunmuş dərman preparatları olmayan idmanı təbliğ edəcəyik. İdmançılarla söhbətlər aparılacaq".

Azərbaycan Paralimpiya Komitəsində də vitse-prezident kimi fəaliyyət göstərən cüdoçu yeni vəzifəsinin onun idmançı kimi karyerasına heç bir təsiri olmayacağını vurğulayıb: "İnşallah növbəti dəfə Paralimpiya Oyunlarında çıxış edəcəyəm. 

Bu işlərin mənim güləşməyimə hər-hansı bir təsiri yoxdur. Çünki iclaslar ildə 4 dəfə olacaq və həmin iclasların da bizim məşq və yarış vaxtımıza təsadüf etməməsi üçün çalışılacaq. İnanıram ki, hər birinə çatdıra biləcəyik".

Aygün İlqarqızı