Abşeronda körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görür. 

Bu barədə Unikal.org-a Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Seymur Qasımov məlumat verib. 

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq rayon ərazisində mövcud olan dövlət bağçalarında müvafiq sanitar-gigiyenik normalara və xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, iməclik, tibbi-profilaktik işlər görüb. İşçi personal hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, yataq, oyun, mətbəxləri və digər otaqları təmizlənib. 

Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib. Bundan əlavə bağçalar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub və məktəbəqədər müəssisələr fəaliyyətə başladığı zaman onlar bağçanın girişə qoyulacaqdır. Bağçalar açıldıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək.