“Almaniya kansleri Angela Merkel açıqlama verərək Aleksey Navalnının “Noviçok” kimyəvi maddəsi ilə zəhərləndiyini bildirib. Rusiya rəsmiləri və Kremlə yaxın ekspertlər bunun böhtan olduğunu deyirlər. Yalan danışmaq Merkelin nəyinə lazımdır? Axı Vaşinqton və Londondan fərqli olaraq Berlin Rusiya ilə əməkdaşlıqdan heç zaman imtina etməyib, tənqidlərə rəğmən, Rusiya ilə tərəfdaşlığını davam etdirib. Elə Kremlin özü də Berlinlə tərəfdaşlığın davamını istəyir”. 

Bu barədə Unikal.org-a Almaniya kansleri Angela Merkelin Rusiyanın müxalifət lideri, “İnkişaf” partiyasının sədri Aleksey Navalnı ilə bağlı bəyanatı haqqında açıqlamasında politoloq Elxan Şahinoğlu  bildirib.

“ABŞ-ın və bəzi Avropa ölkələrinin etirazlarına baxmayaraq, Rusiya və Almaniya “Şimal axını – 2” qaz boru xəttini yekunlaşdırmağa hazırlaşırlar. Buna görə də Merkelin bəyanatının həqiqət olduğunu düşünmək lazımdır. Moskva israrla deyir ki, Navalnının zəhərlənməsi “mənlik deyil” və “bu, yalandır”. Bu cür “yalanların” sayı çoxaldıqca, “zəhərlənmə olmayıb” deyənlərə inam azalır. Bəs yaxşı, Litvinenko və Skripalı kim və ya kimlər zəhərlədi? Axı hər dəfəsində izlər Moskvaya apardı. Kreml bu hadisələrdə əli olmadığını bildirdi. 
Sənə qarşı bu cür ittihamlar varsa, birinci işin ittihamların həqiqət olmadığını sübut etmək olmalıdır. Bu,  əgər xaricdə planlanan təxribatdırsa, müəlliflərin kimliyi araşdırılmalıdır. Ancaq nə Litvinenko, nə Skrpial, nə də indi Navalnının zəhərlənməsi olayında Kreml heç bir daxili və xarici araşdırmaya ehtiyac duymadı. Gizlətməyə nəsə var ki, araşdırılmır. Belə olan halda Kremlə qarşı şübhələrin olması obyektivdir” – deyə politoliq bildirib. 

Dürrə Həsənova