Bu il yanvarın 7-də İmişli rayonu ərazisində rayon sakini Zaur Əzizovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

İstintaqla İmişli rayon sakini Emin Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vurduqdan sonra avtomobil ilə Zaur Əzizovun üzərindən keçərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Bu barədə Unikal.org-a İmişli rayon prokurorluğundan məlumat verilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.