Hazırda Londonda yaşayan Qurban Məmmədov barəsində Azərbaycanda cinayət işi başlanıb.

Unikal.org-un məlumatına görə, Q. Məmmədov Cinayət Məcəlləsinin 220-ci (kütləvi ixtişaş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilir.

Nəsimi rayon Məhkəməsində bu gün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa veriləcəyi gözlənilir.

*** 07.09.2020

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədov barəsində araşdırmaya başlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, idarədə Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyi araşdırılır.

Qeyd edək ki, Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsiylə mənzillərin verildiyi iddia olunur.

Elvin Rüstəmov