İyunun 9-da Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində xidməti xəzifələrini icra edən Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarına kənd sakinləri tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Gədəbəy rayon prokurorluğundan Unikal.org-a verilən məlumatda bildirilir ki, isitintaqla Zəhmətkənd Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə Gədəbəy rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyevin yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə, arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökməsi və əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən onlar, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsinə həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilib.