Son günlər yerli çap mətbuatında və sosial mediada rus dilinə münasibətlə bağlı fərqli düşüncələrin üz-üzə qoyulduğunu müşahidə etməkdəyik. Rusdilli məktəblərin qapadılması ilə bağlı hansısa anonim cağrışların edildiyi gündəmə gətirilir və buna qarşı etirazlar bildirilir.

Məsələnin həddən ziyadə şişirdildiyini vurğulamaqla yanaşı, etirazları anlayışla qarşılayır, müəlliflərinə hörmətlə yanaşıram. Bununla yanaşı, adları açıqlanmayan əks düşüncəlilərə “cahil” deyə müraciət olunmasını da yanlış hesab edirəm. Ola bilər ki, onların hansısa qisminin savadı, siyasi uzaqgörənliyi yüksək və ya yetərli səviyyədə olmasın. Ancaq aşırı və şişirdilmiş hesab etdiyim əks mövqenin yalnız cahilliklə əlaqələndirilməsi obyektivlikdən uzaqdır. Daha doğrusu o olardı ki, xarici dillərlə, xüsusən rus dili ilə bağlı yeni cağırışların səbəbləri  təhlil edilsin və onlar, ilk növbədə, Rusiya ictimaiyyətinə dolğun şəkildə çatdırılsın. Bununla bağlı fikirlərimi mətbuatda, sosial mediada ictimailəşdirsəm də, qısa da olsa, təkrarlamağa ehtiyac duydum.

Müasir müstəqillik tariximizdə, xüsusən son 27 ildə ölkəmizdə rus dilinə və mədəniyyətinə göstərilən hörmət və həssas münasibət danılmazdır. Rusdilli orta məktəblərin silsilə xətt üzrə artımı, Bakı Slavyan universitetinin, Rusiya ali təhsil ocaqlarının  filiallarının ölkəmizdəki fəaliyyəti, mədəniyyət günlərinin və dostluğumuzun təbliği  həmin münasibətin nəticəsidir. Bu, ona görə mümkün olub ki, dövlətimiz həm tarixi bağlarımıza hörmətlə yanaşıb, həm də müasir Rusiyaya yaxın qonşu və strateji müttəfiq gözü ilə baxıb. Ötən illər ərzində cəmiyyətimizdən gələn ictimai sifariş də rəsmilərimiz tərəfindən gözardı edilməyib.

Bununla belə, son vaxtlar rus dili ilə bağlı gündəmə gətirilən fikirlər və ictimai müzakirə cəhdləri, təəssüf ki, səbəbsiz deyil. 30 ilə yaxındır ki, torpaqlarımızın 20%-i Ermənistanın işğalı altındadır.

Məlum olduğu kimi, ABŞ və Fransa ilə yanaşı, ədalətinə inanmaq istədiyimiz, dilinə və mədəniyyətinə hörmət göstərdiyimiz Rusiya da münaqişənin həllində tərəfsiz vasitəçilik məsuliyyətini öz üzərinə götürüb. Cəmiyyətimiz inana bilmir ki, regionda güc və söz sahibi olan Rusiya, digər nüfuzlu həmsədrlərlə birgə, işğalçı Ermənistanı beynəlxalq hüquqa hörmət göstərməyə məcbur etməkdə acizdir. Beynəlxalq qanunvericilik və tarixi ədalət Azərbaycanın tərəfində ola-ola, ilk növbədə, Rusiyanın bunu edə bilməməsinə ictimaiyyətdə inamsızlıq var.

Təəssüf ki, bunun üçün konkret əsaslar verilir, ədalətsiz davranış nümunələri sərgilənir və insanlarımızın qəlbinə şübhə toxumu səpilir. Cəmiyyətimiz heç cür izah edə bilmir ki, münaqişənin həllində tərəfsiz vasitəçilik etməli olan Rusiyanın böyük bir hərbi bazası hansı səbəbdən Ermənistanın ərazisində yerləşir, işğalçıya vasitəçilik dönəmində on min tonlarla təmənnasız hərbi yardım hansı niyyətlə göstərilir, mütəmadi olaraq genişmiqyaslı birgə hərbi təlimlərin keçirilməsi hansı məqsədləri güdür, işğalçı ilə  eyni hərbi blokda təmsil olunmaq tərəfsiz vasitəçiliklə necə uzlaşır?

İnsanlarımızın haqlı narazılığını və etirazını artıran həm də odur ki, şəhidlər verdiyimiz Tovuz təxribatından sonra belə, iyulun 17-dən son günlərə qədər İL-76 -larda Rusiyadan Ermənistana 400 tondan çox hərbi yük göndərilib. Faktlara söykənən bu kimi rəsmi məlumatlar cəmiyyətimizi qıcıqlandırmaya və etirazına səbəb olmaya bilməz. Ölkə ictimaiyyətini düşündürən həm də odur ki, Ermənistanda rus dilinə və rusdilli mediaya qarşı sözün əsl mənasında savaş açıldığı, ölkəmizdə isə, əksinə, rus dilinin az qala ikinci ünsiyyət dilinə çevrildiyi bir şəraitdə, müttəfiq gözü ilə baxdığımız Rusiya seçimini niyə yenə də işğalçının xeyrinə edir?

Cəmiyyətimizdə haqlı olaraq belə bir sual dolaşır ki, sərgilədiyimiz yüksək sayğı da bu seçimin dəyişməsinə gətirib çıxarmırsa, nələr qurban verilməli və nədə güzəştə gedilməlidir ki, vəziyyətdə köklü dəyişikliyə və ədalətli yanaşmaya şahidlik etsin? Torpaqdırsa, bu, mümkün deyil. Suverenlikdirsə, o da mümkünsüzdür. Cəmiyyətimiz bu sualın cavabını tapa bilmir. Bu səbəbdən bəziləri ifrata varıb düşünürlər ki, bəlkə Ermənistandakı kimi, bizdə də rus dilinə “savaş” açılsa, narazılıq açıq ifadə olunsa, vəziyyət dəyişə bilər. Təqdir edilib-edilməməsindən asılı olmayaraq, anonim və ya ünvanlı olmasına baxmayaraq, bu cür düşüncələr var. Həqiqət ondadır ki, onların böyüməməsi üçün fərqli münasibətə, ən azından tərəfsiz, ədalətli yanaşmaya şahidlik etməliyik...

Ermənilərin ən güclü lobbilərindən biri,bəlkə də ən güclüsü bu gün məhz Rusiyada fəaliyyət göstərir. Onların rus mediasındakı üstün mövqelərinin yalnız peşəkarlıqla əlaqələndirilməsini dolğun yanaşma hesab etmirəm, bunun yaranmış vəziyyətin tarixi səbəb və köklərinə lazımi diqqət ayrılmamasından irəli gəldiyini düşünürəm. Həqiqətdir ki, rus mediasında Simonyan, Babayan, Keosayan, Kurqinyan, Poqosyan, Baqdasarov kimi erməni əsilli jurnalist və ekspertlər, Solovyov tək ermənipərəstlər yetərincədir. Həmin şəxslərin əksəriyyəti rəsmi Kremlin informasiya təbliğatında iştirak edən mühüm simalardır. Bu iltifat onlara səlahiyyətli dairələr tərəfindən göstərilib, önəmli sahədə önəmli yerlər ayrılıb. Elə bu səbəbdən, həmin tribunalardan ermənipərəst, anti-türk, ərazi bütövlüyümüz əleyhinə təbliğata xüsusi yer ayrılmasının yalnız erməni əsilli jurnalist və ekspertlərin fərdi təşəbbüsü ilə bağlı ola bilməsi ehtimalı cəmiyyətimizdə əlavə suallar doğurur,şübhə ilə qarşılanır.

“Türk erməninin düşmənidir” kimi zəhərli fikirləri, “dənizdən-dənizə” tək sərsəm ideyanı körpəlikdən uşaqlarına aşılayan ermənilər, əsrlər öncə özləri üşün strateji xəttlərini müəyyən ediblər. Bu xəttin adı assimilyasiyadır. Götür-qoy ediblər ki, planlarını həyata keçirmək üçün hətta böyük bir dövlətin kənardan dəstəyi də yetərli olmaya bilər.

“Yan” sonluğu ilə bitən soyadla nəhəng dövlətdə hakimiyyəti ələ keçirməyin mümkünsüzlüyünü dərk etdiklərindən, həlledici məqamlara yüksəlməyin, siyasi hakimiyyəti təsir altına almağın ən rahat və əlverişli yolunu assimilyasiyada tapıblar. Bu mənada artıq bir çox hədəflərinə nail olublar. İnformasiya məkanında həlledici fiqurları, ictimai şüura təsir sahəsində fəaliyyət göstərən, ən başlıcası, rus ictimaiyyətinə məqsədli şəkildə tanıtdırılan nümayəndələri var.

Bu,vacib faktor olsa da, ən əsası deyil. Əsas odur ki, assimilyasiya siyasəti əsrlər sonra nəhəng qonşu dövlətin ən yüksək siyasi eşalonunda, mühüm məqamlarında bəhrəsini verməkdədir.

Erməni kökənli və ermənipərəst jurnalist və ekspertlərdən bəzilərinin peşəkarlıq səviyyəsini şübhə altına almadan, hesab edirəm ki, yerli məmur lobbizmi müşahidə etdiyimiz mənzərənin yaranmasında gərəkli və həlledici sözünü deməkdədir. Yeri gəlmişkən, yəqin həm də bu səbəbdəndir ki, Rusiyanın internet və telekanallarında anti-Azərbaycan-Qarabağ təbliğatında etnik ruslar, onlarla müqayisədə azlıq təşkil edirlər. Bir də, o peşəkarlıq və intellekt ki, zülmə və nifaqa xidmət edir, bu, şüurlu cahillik dəsti-xəttidir, savadsızlıqdan doğan cahillikdən qat-qat təhlükəlidir...

Həmvətənlərimiz arasında savadlı,elmli,təcrübəli insanlarımız kifayət qədərdir. Rusiyada tanınıb qəbul edilən,hörmətlə yanaşılan ziyalılarımız  da az deyil. Təəssüf ki,onları Rusiyanın əsas telekanallarında, cəmiyyətimiz üçün önəm daşıyan informasiya-təbliğat proqramlarında görə bilmirik. Bu ziyalılarımızın mükəmməl rus dili, elmi və siyasi hazırlığı imkan verir ki, Rusiyanın ictimai fikri ilə yüksək səviyyədə işləyə bilsinlər. Cəmiyyətimizdəki haqlı narahatlığın, etiraz və çağırışların məhz onlar tərəfindən bu kanallarda dilə gətirilməsi, inanıram ki, Rusiya ictimaiyyəti tərəfindən daha etibarlı qarşılanar, oradakı  ictimai şüuru təsirləndirə bilər. Cəmiyyətimizin haqq etdiyi səmimiyyət və ədalətli yanaşma gözləntilərinin ünvanına çatdırılmasına bu gün xüsusi ehtiyac var. Ola bilər ki, Rusiyada yaşayan həmvətənlərimiz arasında belə nümayəndələrimizin sayı çox olmasın. Lakin burada, öz içimizdə Rusiyanın siyasi, mədəni dairələri və rəsmi informasiya qurumları ilə ciddi əlaqələri olan insanlarımız yetərincədir. Onların fəallığının məhz bu istiqamətə yönəlməsi cəmiyyətimiz üçün daha faydalı olardı...

İngilis, rus, fransız, alman, fars, gürcü, ərəb, yapon, çin və digər əcnəbi dilləri mükəmməl bilən insanlarımızın sayı cəmiyyətimizdə nə qədər çox olarsa, bunun bir o qədər də bəhrəsini görə bilərik. Lakin bütün xarici dillərin fövqündə öz ana dilimiz dayanmalıdır. Gözəl və zəngin dilimizi başqa millətlərə də sevdirməyə çalışmalı və bunu bacarmalıyıq.Şübhəsiz ki,bunun üçün yüksək təhsilli, savadlı, elimli, xarici dilləri mükəmməl bilən və ilk növbədə milli dəyərlərimizə iliyinədək bağlı olan nəsillərin fasiləsiz bir-birini əvəzləyə bilməsi labüddür. Seçdiyimiz bu hədəfdən yayınmamalıyıq...

Milli Məclisin deputatı 

Ulvi Quliyev