"Son günlər sosial mediada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevlə bağlı həqiqətə uyğun olmayan, heç bir dəqiq  faktlara əsaslanmayan, qərəzli, böhtan xarakterli məlumatlar yayılır".

Bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Unikal.org-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, "Həmkarlar İttifaqlarında, AHİK-in nəzdindəki “Kurort” Qapalı Səhmdar Cəmiyyətində baş verən korrupsiya faktlarını araşdıran yoxlamaların aparıldığı, AHİK sədrinin fəaliyyətinin araşdırıldığı, ailə biznesi,  ölkədə olmadığı, hal-hazırda Antalyada istirahət etdiyi və s. qərəzli, cəfəngiyyat xarakterli məlumatlar bir sıra saytların, qəzetlərin başlıqlarına çıxarılır":

"Bununla əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, ucuz sensasiya xatirinə yayılan, mənbəyi şübhə doğuran belə informasiyalar reallığı əks etdirmir.Yayılan məlumatlarla əlaqədar bildiririk ki, AHİK-də hər hansı bir məsələ ilə bağlı yoxlama, araşdırma aparılmır,  AHİK-in sədri Bakıda öz iş yerindədir və bu məsələlərlə bağlı  yayılan böhtan xarakterli,qərəzli məlumatların heç bir əsası yoxdur".