Pakistanın cənubunda yerləşən Karaçi şəhərinin Lyari bölgəsində ikimərtəbəli binanın çökməsi nəticəsində azı iki nəfər ölüb, xeyli sayda yaralı var.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Yaralılar Karaçi Mülki Xəstəxanasına aparılıb.

Binanın çökməsi barədə danışan şəhər valisi İmran İsmayıl itkilər barədə məlumat verib və dəyən ziyanın ödənəcəyini bildirib.

"Sindh Bina Nəzarət İdarəsi Karaçi üçün bir kabus oldu. İdarə üçün strategiyamızı yenidən qurmalıyıq. Bu, heç bir nəticə vermir", - İ.İsmayıl Tvitter hesabında yazıb.

Şəhər deputatı hadisəni "kədərləndirici" adlandırıb və xilasetmə əməliyyatını sürətləndirməyə çağırıb. Səlahiyyətlilər diqqətsizlik nümayiş etdirən Sindh Bina Nəzarət İdarəsinin zabitlərinin həbs edilməli olduğunu söyləyiblər.

Bu hadisə bir həftə ərzində şəhərdə uçan ikinci, ilin əvvəlindən bəri isə dördüncü hadisədir.