Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa aparılan səsvermənin nəticələrinə əsasən ölkənin hakim Liberal demokrat partiyasının (LDP) yeni lideri seçilib.

Unikal.org xəbər verir ki, Suqa 377 səs, onun rəqibləri sabiq Müdafiə naziri Siqeru İsiba və sabiq Xarici İşlər naziri Fumio Kisida isə müvafiq olaraq 68 və 69 səs toplayıblar.

Sentyabrın 16-da parlamentin növbədənkənar iclası keçiriləcək ki, burada səhhəti  ilə əlaqədar vəzifəsindən gedən Sindzo Abeni əvəz edəcək yeni Baş nazirin namizədliyinə səs veriləcək.

Parlamentdəki hakim Liberal demokrat və Komeyto partiyalarının koalisiyasında səslər daha çox olduğu üçün Yosihide Suqanın qələbə qazanacağı və Yaponiyanın yeni hökumətinə rəhbərlik edəcəyi gözlənilir. O, artıq sələfinin siyasi kursunu davam etdirəcəyini açıqlayıb.