“Gürcüstanda koronavirusa yoluxanların sayı artmaqdadır. Bu gün qonşu ölkədə 196 yeni yoluxma faktı qeydə alınıb. Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil”.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov özünün sosial şəbəkə hesabında yazıb.

“Artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur. Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir”, - yazan millət vəkili bildirib ki, bu baxımdan, növbəti mərhələdə də yeni standartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədə uyğun olardı. 

V.Bayramov qeyd edib ki, pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunadır: “Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlıq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir”.