Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının  (TURKPA) üzv parlamentlərinin Səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin “COVİD-19 pandemiyası: təsiri və gələcəyə baxış” mövzusunda videokonfrans formatında onlayn iclası keçirilib. 

Unikal.org xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan parlamentlərinin Səhiyyə məsələləri üzrə komitələrinin rəhbərləri və üzvləri, habelə, TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib. Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri  Recep Akdağ iclasa moderatorluq edib. 

Açılış mərasimində qeyd olunan komitələrin rəhbərləri, eləcə də TÜRKPA Baş katibi  Altınbek Mamayusupov və Qırğızıstan Respublikasının Səhiyyə Nazirinin müavini  Nurbolot Usenbayev çıxış edib. Açılış mərasimindən sonra komitələrin üzvləri əsas mövzu üzrə çıxış edib. 

İclasda ölkəmizi Milli Məclisinin Səhiyyə Komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov təmsil edərək  Azərbaycanda koronavirusla mübarizədə görülən işlər və əldə edilən uğurlar haqqında iclas iştirakçılarına məlumat verib. 

İclas zamanı iştirakçılar  qlobal COVID-19 pandemiyasının üzv ölkələrə, xüsusən də səhiyyə sektoruna təsirini müzakirə  edərək, öz ölkələrində həyata keçirilmiş mübarizə tədbirləri barədə məlumat verdi. Bununla yanaşı müvafiq istiqamətdə gələcək əməkdaşlığın prioritet sahələri, metod və mexanizmlərinə dair fikir mübadiləsi aparıldı.