Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən ərzaq mağazasında soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, həmin obyektdə satıcı işləyən qadın polisə müraciət edib ki, naməlum şəxs mağazada soyuducunun üzərində olan ona məxsus 220 manat pulu götürərək qaçmaq istəyib. Satıcı bunu gördükdə isə həmin şəxs onu itələyərək oradan uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Cəfərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman soyğunçuluq yolu ilə əldə etdiyi pul vəsaitləri maddi sübut kimi aşkar olunub.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci  Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.