Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların düzgün idarə olunması məqsədilə istixanaya məcburi göstəriş verilib.