Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-off mərhələsində qüvvəsini sınayıb.

Çempionlar Liqasında Şimali Makedoniyanın “Sileks” (4:0), Moldovanın “Şerif” (2:1) və Norveçin “Molde” (0:0, pen.5:6) klubları ilə qarşılaşan Ağdam təmsilçisi Polşanın “Legiya” ilə qarşılaşıb. Avrokubok mövsümündə ilk səfər sınağına çıxan “Qarabağ” bir matçdan ibarət mərhələnin matçını Varşavada keçirib.

Oyunun ilk yarısında ərazi üstünlüyünə yiyələnən “Qarabağ” bir neçə qol imkanı yaratsa da, hesabı aça bilməyib. Təmsilçimiz matçın taleyini fasilədən sonra həll edib.

Komandanın bu yay transfer etdiyi Patrik Andrade ikinci hissənin əvvəlində Polşa çempionunun qapısına yol tapıb. Ardınca Abdullah Zubir və Filip Ozobiç də meydan sahiblərini məyus edib. Bununla da “Qarabağ” Varşava səfərində böyükhesablı qələbə qazanıb – 3:0.

Beləliklə, Azərbaycan çempionu 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Bunadək bir dəfə Çempionlar Liqası, beş dəfə Avropa Liqasının qrupuna düşən “Qarabağ” ardıcıl 7-ci dəfə avrokubokların əsas mərhələsində oynayacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkatması oktyabrın 2-də keçiriləcək.