“Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəlləyir. Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğaldan azad etməsinin həmçinin iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq. İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq”.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili  Vüqar Bayramov bildirib.

Parlamentarinin sözlərinə əsasən, Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar: “Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonları daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir.

Polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da var.

Ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhvə verəcək”.