2020-ci il 09 oktyabr tarixində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 33 (otuz üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Unikal.org-a  verilən məlumata görə, daxil olmuş 35 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Orta Qərvənd, Xındırıstan, Paşabəyli kəndləri və Quzanlı, Ergi qəsəbələri, Ağcabədi rayonunun Rəncbərlər, Köyük kəndləri və Hindarx qəsəbəsi, Bərdə rayonunun Cəyirli və Həsənqaya kəndləri, Beyləqan rayonunun Yeni Mil qəsəbəsi, Füzuli rayonunun Babı kəndi və Horadiz şəhəri, Goranboy rayonunun Gürzallar, Şahməmmədli, Eyvazlılar, Qızılhacılı kəndləri və Goran qəsəbəsi, Tərtər rayonunun Dəmirçilər və Burcu kəndləri, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 152 mm-lik top mərmisi (OF-22), 1 ədəd 152 mm-lik top mərmisi partladıcısı, 1 ədəd dron (yerində zərərsizləşdirilib), 1 ədəd dronun partladıcısı, 265 ədəd bombacıq, 1147 ədəd patron (1133 ədəd 5.45 mm-lik və 14 ədəd 7.62 mm-lik) və 16 ədəd partlamış mərmi qalıqları aşkar olunub.