Hazırda Qırğızıstan prezidenti vəzifəsini də icra edən ölkənin Baş naziri Sadir Japarov qarşıdakı prezident seçkilərində dövlət başçısı postuna namizəd ola bilməyəcək.

Unikal.org xəbər verir ki, bu barədə deputat və respublika konstitusiyasının müəlliflərindən biri Omurbek Tekebayev parlamentin iclasında bildirib.

“Qanuna görə, siz, Sadır Nurqojoyeviç prezident postuna namizəd ola bilməyəcəksiniz”, - deyə deputat bildirib.

Qeyd edək ki, Qırğızıstan konstitusiyasına əsasən, prezidentin səlahiyyətlərini icra edən şəxs ölkənin ali postuna namizədliyini irəli sürə bilməz.

Bir müddət öncə Qırğızıstanın MSK tərəfindən yayılan məlumatda bildirilmişdi ki, ölkədə prezident seçkiləri 2021-ci ilin yanvar ayında keçirilə bilər.

Xatırladaq ki, oktyabrın 15-də ölkə başçısı Sooronbay Jeenbekov istefa verib. Ölkə qanunvericiliyinə əsasən, onun səlahiyyətləri Joqorku Keneşin (parlament) sədrinə keçir. Lakin parlamentin sədri Kanat İsayev prezidentin səlahiyyətlərini öz üzərinə götürməkdən imtina edib. Buna görə də Qırğızıstanın prezidenti vəzifəsini Baş nazir Sadır Japarov icra edəcək.