Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunları hərbi qulluqçuları koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə, xüsusilə də əhalinin sıx olduğu məkanlarda nəzarət-profilaktik reydləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən reyd zamanı mağazalarda, eləcə də digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlanıb və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Daha sonra reyd ictimai nəqliyyatda da davam etdirilib. Sürücü və sərnişinlərlə profilaktik söhbətlər aparılıb, virusun yayılmasının qarşısının alınması üçün tələblərə riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Qaydaları pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Rayon ərazisində sakinlər tərəfindən karantin qaydalarına riayət olunması məqsədilə bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.