Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Komandalar matça birgə pankartla çıxıblar. Pankart üzərində "Əmrinizdəyik, Cənab Ali Baş Komandan" yazılıb.

Futbolçular isə üzərində şəhid general Polad Həşimov və Gəncə terrorunda xəsarət almış 5 yaşlı Ömərin birgə fotosu və "Bir ölər, min dirilərik" yazılmış maskada olublar. Dövlət himni səsləndirildikdən sonra komandalar birgə foto çəkdiriblər.

Görüş Ağdam klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0. Hesabı 44-cü dəqiqədə Donald Gerye açıb. 89-cu dəqiqəqə Patrik Andrade penalti ilə fərqi artırıb. 90+1-ci dəqiqədə isə Toral Bayramov yekun nəticəni müəyyənləşdirib.

Beləliklə, 3 oyundan sonra qələbə qazanan "Qarabağ" xallarını 8-ə çatdıraraq, 3-cü pilləyə yüksəlib. "Köhlən atlar"ın ehtiyatda "Səbail"lə təxirə salınmış qarşılaşması da var. 4 xalı olan "Qəbələ" isə sonuncu pillədə yer alıb.

Qeyd edək ki, günün ilk matçında "Səbail" evdə "Keşlə" ilə heç-heçə edib - 1:1. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.