Azərbaycan ikinci dəfə də vasitəçilərin humanitar atəşkəsə çağırışına biganə qalmadı, çağırışı edənlərə bir daha etimad göstərdi. 18 oktyabr saat 00-dan humanitar atəşkəs razılığı elan olundu. Rəsmi məlumatlara əsasən, Ermənistan bu dəfə də razılığı pozaraq mülki əhalimizə və yaşayış məntəqələrinə hücumlar edib, Tərtərə 160, Ağdama 63, Goranboya 6 mərmi atıb. Xızı rayonuna 1, Ağcəbədinin Poladlı kəndinə 2 raket hücumu edib. Dövlət sərhədində Gədəbəy və Tovuz rayonlarını iriçaplı artilleriya silahlarından atəşə tutub, cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətində hücuma cəhd edib, hazırda da atəşkəsi pozmaqda davam edir.

Azərbaycanın  həlledici Qələbə gününü ləngitmək, atəşkəs müddətində Ermənistana yeni silah-sursat gətizdirmək ,ordusunda və cəmiyyətindəki təlaşı səngitmək, toparlanmaq üçün Paşinyana hava-su kimi vaxt qazanmaq lazımdır. Oktyabrın 17-də İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində Paşinyan belə deyib: “mən özümdən və beynəlxalq birlikdən soruşuram: bu terroristlərlə hansı atəşkəs haqda razılıq imzalaya bilərik? Hücuma biz məruz qalırıq, məhv edilmə təhlükəsi ilə üzləşən hər bir xalq kimi biz özümüzü müdafiə etməliyik”.

Sizcə, bu, sağlam düşünmək qabiliyyəti olan birisinin müsahibəsinə bənzəyir?

Müsahibədən açıq şəkildə görünən odur ki, Paşinyanın özü də panik əhval-ruhiyyədədir. Nə danışdığının, nə dediyinin fərqində deyil. Ermənistan silahlı birləşmələrinin Qarabağda - Azərbaycan ərazisində nə azarı var ki, hücuma məruz qalsın?! Paşinyan ya öz avantüraları nəticəsində güdaza verdiyi yüzlərlə erməni gəncinin analarının amansız qisasından qorxduğu üçün stresə düşüb belə deyir, ya da ehtiyat edir ki, bu analar ondan Azərbaycan əsgərinin qarşısına şəxsən özünün çıxmasını tələb edəcək. Hər ikisinin nəticəsi əvvəlcədən məlumdur. Siyasi hakimiyyətin itirilməsi öz yerində. Sadəcə, ikinci halda Paşinyanın sağ qalma ehtimalı var. Amma onda da mülki əhalimizə qarşı törətdiyi vəhşiliyə, müharibə cinayətlərinə görə məhkəmə qarşısında dayanmalı olacaq.Azərbaycanda ölüm cəzası yoxdur. Bəlkə ona görə güman edir ki, vəkillərinin onun anlaqsız birisi olduğu barədə iddiaları məhkəmə tərəfindən qəbul ediləcək. Gəncədə, başqa şəhər və rayonlarımızda həyatlarına son qoyduğu uşaq, qadın, qoca, mülki əhaliyə qarşı etdiyi müharibə cinayətlərinin məsuliyyətindən yaxasını qurtara biləcək. Cinayət qanunvericiliyinə görə, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs anlaqsız hesab olunur, cinayət məsuliyyətinə cəlb edilmir. Hitler də insanlığa qarşı ölçüsüz vəhşiliklər törətmişdi, lakin anlaqsız deyildi. Paşinyan da anlaqsız deyil, baxmayaraq ki, bunu məhkəmə-psixiatriya ekspertizası müəyyən etməlidir. Məhkəmənin yerinə qərar vermək fikrində və səlahiyyətində deyiləm. Lakin açıq görünən odur ki, Paşinyan bütün əməllərini şüurlu şəkildə edir, törətdiyi cinayətlərin fərqindədir. Hitlerin cəsarəti çatdı, özü-öz başına bir güllə vurub həyatına son qoydu. Onun cinayətlərini XXI əsrdə təkrar edən Paşinyanın buna cəsarəti çatarmı?

Özünü anlaqsızlığa vuran birisi ilə atəşkəsə çağırış edənlər, Paşinyanın müsahibələri ilə tanış olub əvvəlcədən bilməlidirlər ki, o, heç bir razılığa sadiq qalmayacaq və onu mütləq pozacaq. Çünki Paşinyanın və hərbi-siyasi ətrafının başqa çıxış yolu qalmayıb. Belə olan halda, günahsız qurbanların məsuliyyətini kim daşıyacaq?

Milli Məclisin deputatı   

Ülvi Quliyev