Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili 17 964,6 milyon manat təşkil edib ki, bu da proqnoza qarşı 206,5 milyon manat və yaxud 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 093,2 milyon manat və yaxud 6,5% çoxdur.

Unikal.org bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5672,6 mln. manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 155,6 mln. manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 63,8 mln. manat və ya 1,1 faiz çoxdur. Həmin vəsaitin 74,9 faizi və yaxud 4249,9 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 321,1 mln. manat və ya 8,2 faiz çoxdur.

2020-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2955,3 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 33,0 mln. manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 373,9 və 110,3 mln. manat vəsait büdcəyə daxil olmuşdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 8852,5 mln. manat vəsait transfert edilmişdir.

2020-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5941,8 mln. manat icra olunmuşdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və yaxud 18642,2 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1951,6 mln. manat və ya 11,7 faiz çoxdur.

2020-ci ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.

İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,5 faizi və ya 7171,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 faiz və ya 1283,0 mln. manat çoxdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 12188,0 mln. manatı və ya 65,4 faizi cari xərclərə, 4927,6 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə, 1526,6 mln. manatı və ya 8,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 6911,4 mln. manat icra olunmuşdur.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil etmişdir və ya 1156,6 mln. manat məbləğində proqnozlaşdırılan kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olmuşdur. Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilmişdir.