"Rəşadətli ordumuzun uğurlarına görə, onları təbrik edirəm. Allah onları qorusun".

Unikal.org xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ"la keçirilən oyundan sonra deyib.

O, qolsuz bərabərliklə yekunlaşan qarşılaşmanın gözlədiyindən də gərgin keçdiyini etiraf edib: "Düşünürdük ki, üç gün əvvəlki oyuna görə yorğun olarlar. Amma Qurban Qurbanov bu baxımdan təcrübəlidir. 1-2 epizodda rəqibi yaxalasaq da, imkanlardan istifadə edə bilmədik. Amma ikinci hissə rəqibin üstünlüyü şəraitində keçdi".

Sadıqov "Qarabağ"ı yaxşı tanıdığını vurğulasa da, rəqibin hansı heyətlə oynayacağının onlar üçün əvvəldən müəmma olduğunu bildirib: "Bu üzdən əsasən öz oyunumuza köklənmişdik. Qurban müəllimin Romeroya, Patrikə istirahət verəcəyini, gənclərə üstünlük verəcəyini düşünürdüm. Mənim həmlə etmək gücüm yox idi. Çünki heyətimizdə ciddi itkilər var idi".

Gənc mütəxəssis əlavə edib ki, çempionatda gərgin mübarizə gedir: "İddialı komandalar əvvəlki mövsümdən çoxdur. Bütün oyunlar ağır keçir. Yaxınlarıma da demişdim ki, son illərin ən maraqlı mövsümü olacaq".

O, görüşə qəribə hisslərlə çıxdığını deyib: "Bu vəziyyət oyun başlayana qədər idi. Amma hakimin start fitindən sonra tamamilə öz oyunumuz barədə düşündüm".

Baş məşqçi mübahisəli epizodlar barədə də danışıb: "Bir çox epizodlara öncədən fikir bildirmək ədalətli olmaz. "Qəbələ" ilə qarşılaşmada aşkar penalti olduğu görünürdü. Bugünkü matçda isə epizodların təkrarına baxmadan fikir bildirmək çətindir".