Qarabağın işğaldan azad olunması Prezidentin xalqı və dövləti qarşısında müqəddəs tarixi xidmətidir.

QARABAĞ AZƏRBAYCANIN ƏBƏDİ QÜRURUDUR!

Tarixi günləri yaşayırıq. Azərbaycan ordusunun Qarabağın işğalına son qoymaq əzmi hamımızın qəlbini fərəhlə doldurur. Cəbhədən hər şad xəbər gəldikcə sanki illərdir pərən-pərən olan daşlar bir-bir yerinə oturur. Güclü liderin sayəsində Azərbaycanın qalib dövlət, insanlarımızın qalib millət obrazı formalaşır. Qalib ölkənin vətəndaşı olmaq inanılmaz hissdir və bu gün Qarabağ uğrunda gedən döyüşlərdə misilsiz igidlik nümunələri göstərən qəhraman ordumuz bütün xalqımıza bu müqəddəs duyğunu yaşadır. Bu gün Azərbaycan insanının müasir tarixində öyünə biləcək qəhrəmanlıq nümunələri yaranır, çünki o möhtəşəm tarixi özü yazır. 

AZƏRBAYCANIN 30 İL ƏVVƏLKİ VƏZİYYƏTİ ERMƏNİSTANA FÜRSƏT VERDİ

Azərbaycanın müasir reallığı xalq-dövlət vəhdəti sayəsində qazanılıb. Azərbaycan ordusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı müqəddəs savaş bütün xalqı bir yumruq kimi birləşdirib. Bütün siyasi maraqlar bir kənara qoyulub, bütün nəzərlər bu savaşın qalib sonluğuna yönəlib. Amma 30 il əvvəl Azərbaycan belə deyildi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenicə əldə edən Azərbaycan çətin sınaqlardan keçirdi. Ermənistanın Dağlıq Qarabağa olan iddiaları son həddə çatmışdı və onlar bu məsələdə SSRİ rəhbərliyindən siyasi dəstək almışdılar. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçovun anti-Azərbaycan təbliğatının müəllifləri də elə ermənilərin özləri idi. Bu avantüranın baş tutduğunu “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin 1988-ci ilin martında qəbul etdiyi xüsusi qərar da təsdiqləyir. Bu sənəd əslində Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün sosial-iqtisadi bünövrə hesab olunurdu. Bundan əvvəl isə İrəvanda "Ermənistan türklərdən təmizlənməli!", "Ermənistanda yalnız ermənilər yaşamalıdır" kimi mənfur şüarlarla mitinqlər başlamışdı. Həmin ildə erməni xüsusi xidmət orqanlarının və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin iştirakı və erməni milliyətindən olan Eduard Qriqoryanın başçılığı altında Sumqayıt təxribatı törədilmişdi. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılması üçün istifadə olundu. 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı həyata keçirilən son etnik təmizləmə nəticəsində 300 mindən çox soydaşımız doğma torpaqlarından qovuldu. Bakıda isə mitinqlər başlamışdı. Xalq Azadlıq meydanında ermənilər tərəfindən Şuşadakı Topxana meşəsinin qırılmasının dayandırılmasını, Dağlıq Qarabağ Muxtar Vilayətində respublika hakimiyyətinin səlahiyyətlərinin bərpa olunmasını tələb edirdi. Bütün baş verənləri sovet rəhbərliyi soyuqqanlılıqla izləyir, Azərbaycan xalqını cəzalandırmaq üçün fürsət gözləyirdi və bu qorxunc niyyət 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə xüsusi amansızlıqla həyata keçirildi. Sovet qoşunları Bakıda və respublikanın rayonlarında ümumilikdə yüzdən çox insanı amasızlıqla qətlə yetirdi. Bu hadisə Azərbaycanda müstəqillik arzularına güclü təkan verdi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdikdən sonra Naxçıvana gələn ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Naxçıvan Muxtar Respublikasının adından “sovet, sosialist” sözləri çıxarıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edildi. Lakin ölkədə vəziyyət həddindən artıq gərgin idi. 20 Yanvar hadisələrindən sonra Azərbaycan daha bir dəhşətli hadisə ilə üz-üzə qalmışdı. İçərisində dövlət və hökumət adamlarının olduğu vertolyot Qarabağ səmasında vurulmuşdu. Bunun ardınca ermənilər Xocalıda 613 azərbaycanlının qətli ilə nəticələnən XX əsrin ən qanlı soyqırımlarından birini törətmişdilər. Bütün bunların fonunda ölkədə ictimai-siyasi vəziyyət kəskin olaraq qalırdı. AXC-Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üz-üzə qoymuşdu. Ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu. Sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedirdi. Çörək növbələri Azərbaycanda həyatın ən acı mənzərələrindən birinə çevrilmişdi. İnflyasiya min faizlə ölçülürdü. Milli valyuta dəyərsiz kağız parçası olmuşdu. İqtisadiyyat bütünlüklə çökmüşdü. 

Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu

HEYDƏR ƏLİYEV AZƏRBAYCANA NƏFƏS VERDİ

Məhz belə bir vəziyyətdə Azərbaycan xalqı öz nicatını xilaskar oğlu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü. Ulu öndər Heydər Əliyevin yenidən rəhbərliyə gəlməsi Azərbaycana nəfəs verdi, ölkəmizin beynəlxalq münasibətlər sistemində iştirakı təmin olundu, Azərbaycanın xarici aləm üçün kəsb etdiyi maraqlar dairəsi, geosiyasi və iqtisadi əhəmiyyəti müəyyən edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması ilə  yeni itkilərin qarşısı alındı, Azərbaycan inkişaf və tərəqqi dövrünə qədəm qoydu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan Xəzərin karbohidrogen ehtiyatlarını Qərb şirkətlərinə açan ilk ölkə kimi tarixə düşdü, ölkədə yeni neft erası başladı. Bununla da Azərbaycanda müstəqillik arzuları möhkəm dövlətçilik ənənələri üzərində quruldu. Ölkədə başlanan dövlət quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində dönməz xarakter aldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olundu, parlamentə ilk deputat seçkiləri keçirildi. Demokratiya yolunda atılan ən mühüm addımlardan olan bu hadisə ilə Azərbaycan çoxpartiyalı sistemə keçdi. 1998-ci ildə Azərbaycanda ölüm hökmü, elə həmin il mətbuat üzərində senzura ləğv olundu. Ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, o, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə Azərbaycan tarixində qızıl səhifələr yazdı.

İLHAM ƏLİYEV AZƏRBAYCANIN MÜSTƏQİLLİK DAYAQLARINI DAHA DA MÖHKƏMLƏNDİRDİ

Biz müstəqillik tariximizin səhifələrinə baxdıqca qürur duyuruq. Bu səhifələri zəngin edən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu layihələr, unudulmaz hadisələrdir. Təsəvvür edin ki, öz müstəqilliyinin 20-ci ilində Azərbaycan 155 ölkənin dəstəyi ilə artıq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu illər ərzində ölkəmizin xarici siyasət kursu müstəqillik dayaqlarının daha da möhkəmləndirilməsinə, milli maraqlarının qorunmasına yönəldi. Azərbaycan dünyanı narahat edən bir sıra məsələlərin həllində əsas söz sahiblərindən birinə çevrildi, Bakı bir çox beynəlxalq təşəbbüslərin reallaşdığı, forumların keçirildiyi əsas məkan kimi tanındı. Azərbaycan qlobal layihələri icra etdi. 2006-cı ildə müstəqillik tariximizin ən böyük naliyyətlərindən olan Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verildi, “Şahdəniz” qaz yatağı kəşf olundu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri uğurla reallaşdı. Asiya ilə Avropanı birləşdirən və əsrimizin ən strateji layihələrindən olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti fəaliyyətə başladı. Azərbaycan kosmik ölkələr klubuna daxil oldu, üç peyklə ölkəmizin orbitdəki yerini möhkəmləndirən Prezident İlham Əliyev Azərbaycanın sosial-təsərrüfat infrastrukturunu da yenidən qurdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı son dərəcə əhəmiyyəti olan layihələr icra olundu. 

Ali Baş Komandan İlham ƏLİYEV: Azərbaycan Ordusu dünyanın ən güclü orduları  sırasındadır

AZƏRBAYCANIN İNKİŞAF MODELİNİN UĞURU DÜZGÜN İDARƏETMƏ KURSUDUR

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan həmişə öz hesabına yaşayıb və ölkənin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. “Azərbaycan həmişə öz hesabına yaşayıb” uğuruna isə ölkəmiz Prezident İlham Əliyevin zəhməti sayəsində nail olub. Məhz dövlət başçısının düzgün idarəetmə kursu sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf tempi qorunub saxlandı, ixrac potensialı artdı, qeyri-neft sektorunun davamlı yüksəlişi təmin olundu. Ölkədə yeni sənaye zonaları yarandı, istehsal sahələri genişləndirildi, bütün bunlar da əhalinin məşğulluğunun təmin olunmasına ciddi təsir göstərdi, Azərbaycan sosial dövlət imicini daha da artırdı. Regionların inkişafı ilə bağlı dörd dövlət proqramı qəbul olundu, ölkənin siması dəyişdi, Azərbaycan postsovet məkanında keçid mexanizmini başa vuran ilk ölkə oldu və onun sürətli inkişafının təməlində Prezident İlham Əliyevin böyük zəhməti, ölkəyə və xalqa olan sonsuz sevgisi dayandı.

AZƏRBAYCANIN İQTİSADİ QÜDRƏTİ DÖYÜŞ MEYDANINA UĞURLA TRANSFORMASİYA OLUNUB

Azərbaycanın müstəqillik tarixi ərzində qazandığı bu uğurları sadalamaqda məqsədimiz nədir? Biz bunları ona görə deməliyik ki, indi döyüş meydanında qazandığımız qələbənin gəldiyi yolu da tam miqyası ilə anlaya bilək. Yəqin müxalif düşərgədə “neftin pulları hara getdi?” kimi məsuliyyətsiz bəyanatları siz də eşitmisiniz. Bu gün bu sualın cavabını Azərbaycan ordusu döyüş meydanında öz zəfər yürüşü ilə verir. Biz 30 ildə heyrətamiz regional güc mərkəzinə çevrilən Azərbaycanın qazandığı iqtisadi qüdrətin təntənəsini düşmənin başına yağış kimi yağan bombaların əks-sədasında görürük, Qarabağın uca dağlarının arasında düşmənin boğulan hayqırtısında, millətimizin şərəfini, ləyaqətini qorumağa yönələn siyasətdə hiss edirik. 2005-ci ildə Azərbaycanda müdafiə sənayesinin qurulması və qısa vaxtda fəaliyyətə başlaması ölkənin hərbi qüdrətinin artırılması istiqamətində atılan əhəmiyyətli addım idi və biz bu gün onun da uğurlarının şahidiyik. “Azərkosmos”un imkanları bizə düşməni dəqiqliklə izləməyə, onun hədəflərini məhv etməyə imkan yaradır. Azərbaycanın xarici siyasətdə əldə etdiyi etimad, etibarlı tərəfdaşlıq modeli indi bir çox hədəflərimizə çatmaq üçün bizə heç bir maneə tanımır. Türkiyə, İsrail, Pakistan və digər ölkələrin dövlətimiz və xalqımızla həmrəyliyi, verdikləri mənəvi və hərbi dəstək həm də Azərbaycanın strateji tərəfdaşlığa sadiqliyinin nümunəsidir. Bir vaxtlar Azərbaycanı mənasız danışıqlara inandırmağa, yalançı sülh vədlərinin aktuallığını qorumağa çalışan xarici qüvvələr indi ordumuzun döyüş meydanındakı məharətindən şoka düşüb. Yəqin onlar Azərbaycan xalqının vətənpərvərliyi, Qarabağa olan sonsuz məhəbbəti qarşısında tab gətirə bilməyən Ermənistanın yaxın gələcəkdəki iflasını anlamamış deyillər. Çünki Prezident İlham Əliyev ölkənin siyasi-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycan xalqının 90-cı illərin əvvəlində qanla alınmış ruhunu özünə qaytarıb. O, hər zaman çətin sınaqlardan çıxan xalqımızın ümidini ölməyə qoymayıb, yurd itkisi ilə üzləşən soydaşlarımızı doğma torpaqlara qayıtmağa inandırıb, milli birliyimizin və dövlətimizin ideoloji sütunlarından olan Vətənə bağlılığın hər bir soydaşımızın qəlbində dərin kök salmasını təmin edib. Bugünkü uğurların təməlində duran həm də budur: Prezident İlham Əliyevin qalib dövlət və millət formulu. 

QARABAĞIN İŞĞALDAN AZAD OLUNMASI VƏTƏN MÜHARİBƏSİNİN DANILMAZ FAKTIDIR

Bir vaxtlar min cür şərəfsizliyə qol qoyub Dağlıq Qarabağda amansız zülüm, işgəncə, soyqırımlara imza atan əllər indi bir-bir kəsilir. Ordumuzun döyüş əzmi bizi 30 ildir həsrətlə gözlədiyimiz böyük amalımıza qarış-qarış yaxınlaşdırır. Bir vaxtlar əlindən hər şeyi alınmış, ev-eşiyi yandırılıb xarabaya çevrilən, övladları düşmən tərəfindən tikə-parça olunan, bütün həyatı cəhənnəmə çevrilən millətin davamçıları indi düşmənə göz açmağa imkan vermir. Ona görə imkan vermir ki, onların hamısı bu 30 ildə Qarabağ arzusu ilə böyüyüb və indi Qarabağın nicatı uğrunda savaşır. Yalnız güclü dövlətlər bir neçə günün içində bu cür uğurlara nail ola bilərdi və Prezident İlham Əliyevin öz fəaliyyətində hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini və təsir imkanlarını qoruyub saxlaması bugünkü uğurlarımızın açarıdır. Prezident artıq 30 ildir davam edən status-kvonu aradan qaldırıb, təmas xəttini yarıb, Azərbaycanın bölgədə ikinci erməni dövlətinin yaranmasına heç vaxt razı olmayacağı indi söz yox, Vətən müharibəsinin danılmaz faktıdır.

PREZİDENTİN SARSILMAZ İRADƏSİ BÜTÜN VƏTƏNDAŞLARIN ARZULARINI İFADƏ EDİR

Yəqin xatırlayırsınız, Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar 2018-ci ildə keçirilən hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”. 2019-cu il oktyabrın 3-də isə Prezident İlham Əliyev Rusiyada keçirilən Valday sammitində Ermənistan baş nazirinin regionda yeni siyasi dinamit rolunu oynayan, nizamlama prosesinə ciddi zərbə vuran, Ermənistanın bugünkü rəzil və rüsvayçı vəziyyətinə gətirib çıxaran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavabında bildirdi ki, “dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu bəyanatdan düz bir il sonra tarix 2020-ci ilin 3 oktyabrını göstərəndə Azərbaycan Prezidenti “twitter” səhifəsində hamının səbirsizliklə gözlədiyi xoş xəbəri doğma xalqı ilə paylaşdı, tarixi adını bərpa edən Suqovşanda Azərbaycan bayrağı dalğalandı. “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”, - deyən Prezident İlham Əliyevin sarsılmaz iradəsi indi bütün Azərbaycan vətəndaşlarının arzu və istəklərini ifadə edir. Düşmən öz havadarlarının köməyi ilə illərdir qüvvədə saxlamağa çalışdığı status-kvonun bir gün dəyişəcəyini bilməli idi. Onlar başa düşməli idi ki, Azərbaycan xalqı artıq 30 il əvvəlki vəziyyətində deyil və Azərbaycan düşmənin təsəvvüründəki o vəziyyətdən güclü xalq, güclü lider, güclü dövlət vəhdəti sayəsində çoxdan çıxıb. 

Yaşa AZƏRBAYCAN Əsgəri!!

AZƏRBAYCAN ƏSGƏRİ VƏTƏNDAŞLIQ BORCUNU ŞƏRƏFLƏ YERİNƏ YETİRİR

Paşinyanın populizmini döyüş meydanında bir həftənin içində darmadağın edən Azərbaycan Prezidentinin dəyanəti Ermənistanın siyasi rəhbərliyinə aydın mesajdır. Amma onlar bundan nəticə çıxarmır. Mülki insanları, yaşayış massivlərini hədəfə alır. Ancaq Gəncəyə, Tərtərə, Mingəçevirə, Goranboya və bir sıra rayon və şəhərlərimizə edilən alçaq hücumlar insanlarımızın əzmini qıra bilmir. Ev-eşiyi, malı-mülkü dağılan vətəndaşlarımız dövlətin, Prezidentin ətrafında sıx birləşib, milli maraqlar naminə vahid amalla - Qarabağın işğaldan tam azad olunması arzusu ilə yaşayır. Küçədən hakimiyyət zirvəsinə qalxan, Soros əlaltısı Paşinyandan fərqli olaraq heç bir xarici dövlət başçısına zəng etməyən, heç kimdən heç nə istəməyən İlham Əliyev özünə güvənərək hərəkət edir, o, xalqın iradəsindən, özünün qurduğu güclü ordunun rəşadətindən ilhamlanır. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir. 

İLHAM ƏLİYEV TƏKCƏ TORPAĞI YOX, HƏM DƏ TARİXİ İŞĞALDAN AZAD EDİR

Prezident İlham Əliyev deyir ki, biz “Böyük Qayıdış”ın astanasındayıq və dövlət əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları azad edilmiş torpaqlara qayıdaraq əmin-amanlıq şəraitində rahat yaşasınlar. Bu, onu göstərir ki, işğal altındakı torpaqların qaytarılması İlham Əliyevin Prezident kimi fəaliyyətinin əsas vəzifəsidir və biz indi bunu döyüş meydanında görürük. O, 30 ildir ermənilərin öz orduları haqqında yaratdığı “yenilməz Ermənistan ordusu” mifini darmadağın edir, təkcə torpaqları yox, həm də Azərbaycan tarixini, mədəniyyətini işğaldan qurtarır. Bir neçə gün bundan əvvəl Cəbrayıl rayonunun Xudafərin kəndində yerləşən Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması tarixi hadisədir, bu, xalqın yaddaşına göstərilən ehtiramın nümunəsidir. Bu, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarını, Qubadlı şəhərini işğaldan azad edən Azərbaycan ordusunun qələbə seriyasının davamlı olacağına inamdır. 

Prezident İlham Əliyev Qarabağ düyününü özü açır, bu ağır yükü gələcək nəsillərə miras qoymur. Bu, İlham Əliyevin xalqı və dövləti qarşısında müqəddəs tarixi xidmətidir. Biz indi bir millət olaraq yenidən doğuluruq. Xalqımızda qeyri-adi ruh yüksəkliyi var. Ali Baş Komandanın bir əmri ilə savaşa girən igidlərimiz indi Qarabağda tarix yazır:  Azərbaycanın şərəfli tarixini. Kimin nə deməyindən asılı olmayaraq bundan sonra Ermənistanın gələcək taleyinə Azərbaycan qərar verəcək. Beləliklə, biz indi bir millət olaraq yola çıxmışıq və bu yolun sonunda ancaq qələbə var. Bizim hamımızın məğrurluğundan, şanlı ordumuzun ruhundan doğan qələbə və bunu indi İlham Əliyev edir: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı,  İlham Heydər oğlu Əliyev! Qarabağ Azərbaycandır!

Arif Alışanov