Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 oktyabr tarixli xalqa müraciətində də qeyd etdiyi kimi Ulu Öndər Heydər Əliyevi sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırandan iki həftə sonra Qarabağda problemlər başladı. Hələ 1977-ci ildə Sovetlər İttifaqının yeni Konstitusiyasını işləyib hazırlayan komissiya Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə birləşdirilməsini təklif etmişdi. Respublikanı komissiyada təmsil edən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin sərt reaksiyası və bu təklifi qəti şəkildə rədd etməsi onun həyata keçirilməsinin qarşısını aldı. Ümummilli liderimiz 2001-ci ildə Azərbaycan parlamentində aparılan müzakirələrdə bu məsələyə toxunaraq deyirdi:

1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi və respublikaların nümayəndələri də, o cümlədən mən də bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. Amma aldım. İradəmlə və Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım". 1985-ci ildə Sov. İKP MK-nın Baş katibi vəzifəsinə seçilən Mixail Qorbaçov bu mənfur niyyətin gerçəkləşdirilməsi üçün əlindən gələni etdi. M. Qorbaçovun hakimiyyətə gəlməsi ilə ermənilər ölkənin birinci şəxsinin timsalında siyasi himayədar qazanmışdılar və bu fürsətdən maksimum istifadə etməyə çalışırdılar. 1987-ci ildə Heydər Əliyevin Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini postundan uzaqlaşdırılması məhz bu cəhdlərin məntiqi sonluğu kimi qiymətləndirilə bilər. Artıq 1988-ci ildən ermənilər artıq Azərbaycana qarşı düşmənçilik siyasətini açıq müstəvidə həyata keçirməyə başladılar. Qarabağda iki azərbaycanlının qətlə yetirilməsi, Topxana meşəsinin məhv edilməsi ilə daha da qızışan və sonradan hərbi əməliyyatlar müstəvisində davam etdirilən münaqişə problemin nə qədər ciddi olduğunu bir daha ortaya qoydu. Konfliktin coğrafiyası isə günü-gündən genişləndi və 1989-cu ildə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi haqqında heç bir hüquqi əsası olmayan qərar qəbul etdi. Bu, faktiki, Azərbaycan ərazilərinin ilhaqı anlamına gəlirdi. Ermənilər artıq mübarizə taktikasını hərbi təcavüz müstəvisinə keçirmişdilər və Azərbaycanda isə siyasi hakimiyyətin zəifliyi və kütləvi etiraz aksiyaları proseslərin inkişaf istiqamətini dəyişmək qüdrətində olmadı. Beləliklə, 1988-1991 və 1991-1993- cü illərdə Azərbaycanda siyasi hakimiyyətin zəifliyi, hakimiyyət uğrunda mübarizələr nəticəsində ölkə daxilində yaranan xaos-boşluqdan bəhrələnən Ermənistan, havadarları vasitəsilə BMT tərəfindən ərazi bütövlüyü de-yure tanınan ölkəmizin ərazisinin 20 faizini işğal etmişdir.

Artıq 30 ilə yaxındır ərazi bütövlüyümüzün təmin olunması üçün siyasi və diplomatik danışıqların aprılmasına baxmayaraq heç bir nəticə olmadı, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Beynəlxalq təkilatların qərar və qətnamələri kağız üzərində qalmışdı. İndi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev beynəlxalq hüququn kağız üzərində olan ədalətini təmin edir. Azərbaycanın suverenliyinə qəsd edən, ölkəmizə və xalqımıza qarşı silahlı qüvvələrdən istifadə edərək sərhədlərimizi pozan, ərazi bütövlüyümüzü tanımadığını dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərdə nümayiş etdirərək təcavüzkar əməlləri ilə bunu  təsdiqləyən, bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayan, millətlərin bərabərliyi anlayışına hörmət etməyən, azərbaycanlıları, eyni zamanda bütün türkləri düşmən kimi qəbul etdiyini əməlləri ilə sübuta yetirən, erməni xalqının bir dəfə öz müqəddəratını təyin edərək dövlət yaratdığını bilə-bilə ikinci dəfə bu xalqın öz müqəddəratını təyin etməsini bəhanə gətirərək xalqımıza qarşı görünməmiş vəhşiliklərə rəvac verən, beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerinə yetirməyən beləliklə, beynəlxalq hüquq normalarını tapdalayan Ermənistana dövlət başçımız hərb və diplomatiya dərsi keçərək, Azərbaycanın ərazi bütövlüyünun təmin etməklə həm də beynəlxalq hüququn - beynəxalq təşkilatların qərarlarını təkbaşına icra edir. Prezident İlham Əliyevin haqlı, strateji və məntiqli siyasəti həmdə region xalqlarına sülh və əmin amanlıq gətirəcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov.