Qırğızıstanın Baş naziri, prezidentin vəzifəsini icra edən Sadır Japarov Balbak Tulobayevi paytaxtın meri vəzifəsinin icraçısı təyin edib.

Unikal.org xəbər verir ki, bu barədə respublika hökumətinin mətbuat katibi məlumat yayıb.

Tulobayev daha öncə Qırğızıstan paytaxtının vitse-meri işləyib.

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabrda keçirilən parlament seçkilərinin nəticələrinə qarşı oktyabrın 5-də kütləvi etirazlar başlayıb. Etirazçılar ilə təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmadan sonra parlamentə keçməyən müxalifət partiyalarının tərəfdarları prezident administrasiyasının yerləşdiyi parlament binasını ələ keçirib.

Qarşıdurmalarda 1,2 mindən çox insan yaralanıb, biri nəfər öldürülüb. Qırğızıstan Baş naziri Kubatbek Boronov istefa verib. Bişkekdəki iğtişaşlar 9 oktyabrda yenidən başlayıb. Müxalifət lideri Tilek Toktogaziev də daxil olmaqla 7 nəfər yaralanıb.

Ölkə prezidenti Sooronbay Jeenbekovun 15 oktyabrda könüllü istefasından sonra respublikada vəziyyət sabitləşib. Dövlət başçısının səlahiyyətləri Baş nazir Sadır Japarova keçib.