Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Sumqayıt məktəbliləri üçün Beynəlxalq Animasiya günü və Çin "İki doqquzluq bayramı"na həsr olunmuş “Balaca vətənpərvərlər – Azərbaycanın böyük qurucuları” adlı onlayn tədbir keçirib.

Tədbirdə Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. ADU Konfutsi İnstitutunun mütəxəssisi Nigar Qocayeva şagirdlərə ənənəvi Çin payızına həsr edilən "İki doqquzluq bayramı" haqqında ətraflı məlumat verib. O, Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinmək və xrizantem şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı bayramın yaranması əfsanəsini, həmçinin bayramın ənənələri, fəlakətlərdən xilas olmaq və xoşbəxt ömür sürmək üçün dua edərək dağa qalxma mərasimi, düyü unundan hazırlanaraq ərik çəyirdəkləri, xurma, qoz-fındıq və kişmişlə bəzədilmiş bayram şirniyyatları haqqında da danışıb.

Ardınca Şərqi Çin Pedaqoji Universitetinin magistrantı Məmmədova Samirə Animasiya gününün tarixindən danışaraq şagirdlərə ilk öncə Azərbaycanda və Çində çəkilən animasiyaların fərqli və oxşar cəhətlərindən bəhs edib və Çin “Mulan” cizgi filmi haqqında məlumat verib. О, həmçinin "Mulan" adlı qəhrəman qızın, mənşəyi Çin əfsanəsindən götürüldüyünü vurğulayaraq, orijinal əfsanədə olduğu kimi cizgi filmində də ailəsinin qürurunu qurtarmaq məqsədi ilə, tanınmış bir döyüş qazisi olan atasının yerinə kişi cildinə girib, Hun ordularına qarşı müvəffəqiyyətlə mübarizə aparan "Hua Mulan" adlı bir gənc qızın hekayəsi göstərildiyini qeyd edib.

Şagirdlər “Mulan” və “Dədə Qorqud” cizgi filimlərini izləyiblər. ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması üçün cizgi filmlərinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək, öz torpağı, ailələri uğrunda can verməyə hazır olan qəhrəmanların heç bir uşağın laqeyd qoymayacaqlarını vurğulayıb. Uşaq sevimli qəhrəmanları təqlid etməyə və eyni zamanda hər bir vətəndaşın həyatında vacib olan vətənpərvərlik anlayışını öyrənməyə çalışacaq. R. Abbasov həmçinin Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 40-a yaxın məktəbin dağıdılmasını, 8 məktəblinin həlak olmasını, 16 məktəblinin isə yaralanmasını təəssüf hissi ilə qeyd edib. Sonda şagirdlər “Mulan” və “Dədə Qorqud” cizgi filimlərini izləyiblər.