“Qarabağ Qafqazın qanayan yarasıdır. Son bir neçə aydır Dağlıq Qrabağ ətrafında oynanılan oyunları görürük. Təəssüf ki, 30 ildir Minsk qrupunun, BMT-nin aldığı qərarları həyata keçirməməsi problemin bu hala qədər gəlməsinə səbəb olub”. 

Bu sözləri Unikal.org-a açıqlaması zamanı Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib. 
Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq  müzakirələrin  Ermənistan hərbçiləri Azərbaycan torpaqlarından çıxarıldıqdan sonra ediləcəyini bildirib.

“Ermənistan Qarabağın müstəqil dövlət olmasının tərəfdarıdır, ilk gündən də reallaşdırmaq istədikləri də bu idi. Azərbaycan və möhtərəm Prezident haqlı olaraq bildirir ki, bu torpaqlar bizim torpaqlarımızıdır, düşmən torpaqlarımızdan çıxdıqdan sonra bu məsələni müzakirə etmək olar. Ermənilər azərbaycanlıları torpaqlarından köç etməyə məcbur etmələri azmış kimi, evləri viran qoyub, məzar daşlarını belə bərbad hala salıblar. Bundan əlavə ermənilər mədəniyyət nümunələrini, məscidləri dağıdıblar. Bu ərəfələrdə də vəziyyət eyni ilə təkrarlandı, atəşkəs elan edildi, amma ermənilər bu dəfə də mülki vətəndaşlara hücum etməyə, onlara zərər vurmağa başladılar. Onlarla günahsız insan – uşaq, böyük  öldü. BMT-nin ümumi iclasında almış olduğu qərarlar vardı, bəs həmin qərarları kim həyata keçirməlidir? Hazırda Azərbaycan ordusu 30 il əvvəlki deyil, son dərəcə intizamlı, yüksək inkişaf etmiş şəkildədir. Bundan əlavə xalq dövlətlə çox birləşib. Təbii ki 30 ildə erməni tərəfi az qala hər yeri minalayıb, amma buna baxmayaraq, Azərbaycan ordusu mümkün qədər az itki verərək ərazidə irəliləyir. İnşallah Şuşaya da üçrəngli bayrağın sancılacağı günləri görəcəyik. İndiki zamanda erməni vətəndaşları öz rəhbərliyi tərəfindən əzilən və xor görülən bir xalqdır. 

Ermənistan hökuməti öz vətəndaşlarını düşünmüş olsaydı, bu gün o bölgədən keçən böyük layihələrdəTürkiyənin də yer aldığı Bakı-Ceyhan-Qars boru kəməri, Bakı-Tiflis-Ərzurum boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TANAP kimi layihələrdə birlikdə olardı. Bu gün  Ermənistan cəbhəyə göndərməyə gənc əsgər tapmır, çünki heç savaşmaq istəmir və açıq-aydın savaş meydanından qaçırlar. Amma diqqət etsək, Gəncəyə, Bərdəyə raket zərbələri endirildi, yerli cammat heç bir şey olmamış kimi həyatına davam edib, ayaqda güclü qalmağı bacarır və bütün dünyaya meydan oxuyur. Bu özgüvən olduqca önəmlidir. Bundan əlavə başda prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla 83 milyon türk xalqının Azərbaycanın yanında olması da qardaş xalqa böyük ruh yüksəkliyi verir. Bu günlərdə meydanda bir millətin iki dövləti deyil, bir millətin tək dövləti kimi o ruhla mübarizəsi var. İnşallah Azərbaycan bu haqlı davasında öz torpaqlarındakı bu mübarizəsində qalib gələcək və ümid edirik ki, önümüzdəki günlərdə də üçrəngli bayraq Şuşada dalğalanacaq”. 

Dürrə Həsənova