Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair bəyanat yayıb.

Unikal.org həmin bəyanatı təqdim edir: 

“Azərbaycan Ordusunun son 1 ayda işğal olunmuş ərazilərimizin böyük bir hissəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları da daxil olmaqla 200 kənd və qəsəbəni azad etməsi, Ermənistanın döyüş meydanında darmadağın edilməsi, 3-cü ölkənin münaqişəyə cəlb etmək cəhdinin iflasa uğraması düşmənin ağır məğlubiyyətini qaçılmaz etmişdi. 

Çarəsiz durumda olan Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarını ballistik raket atəşlərinə məruz qoyur və qadağan olunmuş kasetli bombalardan istifadə etməklə çoxlu sayda mülki əhalimizi qətlə yetirməkdə və yaralamqda davam edir. Oktyabrın 31-nə olan məlumata əsaəsən Ermənsitanın törətdiyi hərbi cinayət nəticəsində 91 nəfər həlak olmuş, 404 nəfər isə yaralanmışdır.

Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxurtmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək  yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb.

Belə ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə  işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində Ermənistanın hərbi -siyasi rəhbərliyinin  məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya Azərbaycan  tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq Ermənistanın təbliğat maşını guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayaraq  gələcək təxribatlar üçün zəmin yaratmağa başlayıb. Belə ki, bu gün  Ermənistan silahlı qüvvələri Şuşa meşələrində qadağan olunmuş  ağ fosfordan istifadə etməklə qəsdən yanğın törətmiş və bunu Azərbayacanın üzərinə atmağa çalışmışdır.  Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi qəbul olunmuş müvafiq beynəlxalq konvensiyaların növbəti dəfə kobud şəkildə pozulması və dəhşətli müharibə cinayəti aktıdır.

Hesab edirik ki, aidiyyatı beynəlxalq təşkilatlar Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidir. Eyni zamanda beynəlxalq ictimaiyyət Ermənistanın hərbi - siyasi rəhbərliyini tarix və hüquq qarşısında məsuliyyət daşıyacağı beynəlxalq cinayətlər törətməyi dayandırmağa,  xalqının gələcək taleyini düşünərək  işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyə, regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olmamağa çağırmalıdır”.