Türkiyə millisi yoldaşlıq oyunu keçirib.

Unikal.org xəbər verir ki, Millətlər Liqasının son iki matçına hazırlaşan qardaş ölkə təmsilçisi Xorvatiya ilə üz-üzə gəlib.

“Ay-ulduzlular”ın son dünya çempionatının gümüş mükafatçısı ilə görüşü İstanbuldakı “Vodafon Park”da baş tutub. Qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib.

Cenk Tosunun penaltidən hesabı açdığı oyunda qonaqlara bərabərlik qolu üçün 9 dəqiqə lazım gəlib. Amma fasilə ərəfəsində Dəniz Turucun fərqlənməsi ilə Şenol Günəşin yetirmələri yenidən önə çıxıblar.

İkinci yarıda 6 dəqiqə ərzində üç qol qeydə alınıb. Ardıcıl iki dəfə qol sevinci yaşayan dünya vitse-çempionları üstün duruma düşüb. Cengiz Ündərin mükəmməl zərbəsindən sonra növbəti dəfə tarazlıq yaranıb – 3:3.

Qeyd edək ki, türkiyəlilər Millətlər Liqasının son iki turunda Rusiya ilə ev, Macarıstanla səfər matçına çıxacaq.