“Sentyabrın 27-dən  etibarən başlayan əks- hücum əməliyyatları  Azərbaycanın əsl hərbi  qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanının rəhbərliyi altında  rəşadətli ordumuz  cəmi 44 gün davam edən Vətən müharibəsi  ərzində erməni ordusu haqqında uydurulan  İllüziyaları  alt-üst etdi . Döyüşlərin ilk günlərindən etibarən Ermənistanın hərbi xuntası  ümid edirdi ki, hansısa dövlət  Azərbaycanı bu haqq işindən  dayandıracaq,  beynəlxalq birlik  ölkəmizə təzyiq edərək işğalçı dövləti xilas edəcək”.

Bu fikirləri Unikal.org-a  açıqlamasında bildirən Milli Məclisin deputatı Ağalar Vəliyev deyib ki, Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan  İlham Əliyev böyük siyasi  iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, dövlətimizə  qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gələrək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı döyüşləri  dayandırması üçün etdiyi  bütün cəhdlər uğursuz oldu, Ermənistan- Azərbaycan münaqişəsinə dünyanın böyük dövlətlərini cəlb etmək xülyaları iflasa uğradı.

Millət vəkili vurğulayıb ki, bununla da  döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu  ermənilərin 30 il ərzində  qurduğu istehkamları  qısa müddət ərzində darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5  şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Qarabağ müharibəsinin  başladığı ilk günlərdən etibarən hissə-hissə azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın adlarını  görən , hər bir azərbaycanlının   sevinc və qürur hisslərindən  ürəyi dağa dönürdü. 

Böyük strateji əhəmiyyətə malik və Qafqazın incisi sayılan Şuşanın qüdrətli ordumuz tərəfindən işğaldan azad edilməsi isə böyük tarixi hadisəyə çevrildi . Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın erməni işğalından azad edilməsi barədə müjdəsi Azərbaycan xalqı tərəfindən xüsusi coşqu ilə qarşılandı. Şuşanın azad edilməsi Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinə çevrildi. Şuşanın azad edilməsi eyni zamanda dövlətimizn başçısı İlham Əliyevin parlaq qələbəsiydi . Şuşanın azad edilməsi ilə  Ermənistan çıxılmaz duruma düşdü.
Milli Məclis üzvünün sözlərinə görə, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları  çökdürüldü, Paşinyanın öz ölkəsini və dünya ictimaiyyətini aldatmaq taktikası əhəmiyyətini birdəfəlik itirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz  olan Şuşanın azad edilməsi böyük siyasi, strateji və mənəvi məzmun  daşıyır. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə,  noyabrın 9-da Azərbaycan  Prezidenti İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqını  məlumatlandırdı. Yaranmış vəziyyət  Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın.  İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir  sənəddir. Bu bəyanat 30 ilə yaxın  davam edən işğala birdəfəlik son qoyur.

 Millət vəkili qeyd edib ki, razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam rayonları ərazisindən işğalçı qoşunlarının çıxarılması barədə öhdəlik götürür. Beləliklə, məcburi köçkün olan həmvətənlərimizin  30 illik yurd həsrətinə son qoyulur. Onlar öz doğma torpaqlarına qayıda biləcəklər. Daha bir vacib məqam ondan ibarətdir ki, imzalanmış bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yazılmayıb.  Bu isə o deməkdir ki, Qarabağa heç bir status, muxtariyyət verilmir. Eyni zamanda, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Bununla da Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmək istiqamətində tarixi addım atıldı.   Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda, türk dünyasının birbaşa  yerüstü tranzit–rabitə əlaqələri bərpa edilir.

Deputat Ağalar Vəliyev söyləyib ki, imzalanmış bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılması böyük əhəmiyyət daşıyır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcəklər. Bu o deməkdir ki, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Yəni, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə iştirak edəcək.

Bir sözlə Azərbaycan xalqı və dövləti böyük tarixi zəfər qazanıb. Noyabrın 11-də 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüş zamanı , Müzəffər Ali Baş Komandan  İlham Əliyevin söylədiyi kimi, bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. 

Hüseyn İsgəndərov